ABŞ-ın mis tarifləri qlobal ticarət zəncirini silkələyir

ABŞ-ın mis tarifləri qlobal

ABŞ-ın təmizlənmiş (rafinə olunmuş) mis idxalına tətbiq etməyi planlaşdırdığı yeni gömrük rüsumları qlobal metal bazarında əsas risk və qeyri-müəyyənlik mənbəyinə çevrilib. Dünyanın ən nüfuzlu investisiya banklarından biri olan Morgan Stanley analitiklərinin hesabatına görə, Ağ Evin 30 iyun və ya 1 iyul 2026-cı il tarixinədək qəbul edəcəyi qərar qiymət indekslərini radikal şəkildə dəyişə bilər.

Təklif olunan layihəyə əsasən, 1 yanvar 2027-ci ildən etibarən rafinə olunmuş mis idxalına 15%-lik rüsum tətbiq edilə bilər. Bu rüsumun 2028-ci ildə daha da artaraq 30%-ə çatdırılması nəzərdə tutulur.

Tarif gözləntiləri indidən iki əsas qlobal birja — Nyu-York metal birjası (COMEX) və London metal birjası (LME) arasında qiymət fərqini (spredi) açmağa başlayıb:

  • Hazırkı vəziyyət: ABŞ-dakı COMEX qiymətləri artıq London (LME) etalon göstəricisindən 6% baha satılır. Bu fərq treyderləri əvvəlcədən ABŞ bazarına mal vurmağa sövq edir.

  • Tarif təsdiqlənərsə: Qərar rəsmiləşərsə, tarif səddi səbəbindən COMEX qiymətləri LME ilə müqayisədə 15% baha olacaq.

  • Stok bumu: İlin əvvəlindən bəri tariflərdən qaçmaq istəyən idxalçılar ABŞ-a əlavə olaraq 260 min tondan çox mis daşıyıblar. Bu, qlobal illik mis tələbatının təxminən 2,6%-i deməkdir və hazırda ABŞ-ın anbarlarındakı mis ehtiyatı ölkənin adi illik idxal limitini aşıb.

Hazırda bazar iştirakçıları 2027-ci ilin yanvarına qədər 15%-lik tarifin tətbiq olunması ehtimalını təxminən 43% səviyyəsində qiymətləndirirlər. Morgan Stanley həmçinin qeyd edir ki, COMEX bazarında xalis uzun mövqelərin həcmi tarixi maksimum səviyyəyə çatıb ki, bu da investorların qiymət artımına oynadığını göstərir.

MONETAR.AZ