Azərbaycan daşınmaz əmlak bazarında qiymət artımı davam edir. Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən açıqlanan məlumata görə, Kompozit daşınmaz əmlak qiymətləri indeksi 2026-cı ilin may ayında 106,0 səviyyəsində formalaşıb. Bu isə 2025-ci ilin dekabr ayı ilə müqayisədə bazarda orta hesabla 6 faiz qiymət artımı deməkdir.
Palatanın təhlillərinə əsasən, bazarda ən yüksək artım torpaq seqmentində qeydə alınıb. Bakı şəhərində torpaq bazarı üzrə indeks 116,0 səviyyəsinə yüksəlib. Ekspertlər bunu xüsusilə çoxmənzilli yaşayış və kommersiya layihələri üçün nəzərdə tutulan torpaq sahələrinə investisiya marağının artması ilə əlaqələndirirlər.
Yeni tikili mənzillər bazarında da müsbət dinamika davam edib. Bu seqment üzrə indeks may ayında 104,2 səviyyəsində formalaşıb. Xüsusilə şəhərin mərkəzi hissələrində və Ağ Şəhər layihəsi ətrafındakı premium yaşayış komplekslərinə tələbin yüksək qalması qiymət artımını dəstəkləyib.
Köhnə tikili mənzillər bazarında isə artım tempi daha məhdud olub. Bu seqment üzrə indeks 102,6 səviyyəsində qeydə alınıb ki, bu da bazarın daha sabit inkişaf mərhələsinə keçdiyini göstərir.
Fərdi yaşayış evləri bazarında indeks 103,1 səviyyəsinə yüksəlib. Bununla yanaşı, əvvəlki aylarla müqayisədə artım tempinin azalması bazarın tədricən tarazlaşdığını göstərir.
Kommersiya daşınmaz əmlakı bazarında satış qiymətləri əsasən sabit qalıb. Satış bazarı üzrə indeks 100,8 səviyyəsində formalaşdığı halda, kommersiya obyektlərinin icarə bazarında ciddi canlanma müşahidə olunub. Bu seqmentdə indeks 106,4 səviyyəsinə yüksəlib. Artım əsasən ticarət obyektləri və mərkəzi biznes zonalarında yerləşən ofislərə tələbin artması ilə izah edilir.
Mənzil kirayəsi bazarında isə sabitlik qorunub. Yeni tikili mənzillərin kirayə bazarında indeks 101,6, köhnə tikili mənzillərdə isə 100 səviyyəsində qeydə alınıb. Bu da satış bazarındakı qiymət artımlarının kirayə bazarına tam ötürülmədiyini göstərir.
May ayında diqqət çəkən digər seqment qaraj bazarı olub. Bu bazarda indeks 109,5 səviyyəsinə yüksəlib. Mütəxəssislər bunu Bakı şəhərinin mərkəzi rayonlarında parklanma yerlərinə artan tələblə əlaqələndirirlər.
AQP-nin qiymətləndirməsinə görə, 2026-cı ilin ikinci yarısında da daşınmaz əmlak bazarında mülayim artım tendensiyası davam edəcək. Əsas aktivliyin torpaq, yeni tikili mənzillər və kommersiya icarəsi seqmentlərində cəmləşəcəyi gözlənilir.
MONETAR.AZ