Dövlət qurumlarına məxsus 13 nəqliyyat vasitəsi hərraca çıxarılır

Dövlət qurumlarına məxsus 13 nəqliyyat vasitəsi

Bu gün saat 10:00-da dövlət qurumlarının balansında olan 13 nəqliyyat vasitəsi açıq hərrac vasitəsilə satışa çıxarılacaq.

Hərraca çıxarılan avtomobillər sırasında müxtəlif markalara məxsus minik, yük və xüsusi təyinatlı nəqliyyat vasitələri yer alır. Siyahıda "Nissan Teana", "Mitsubishi L300", "Chevrolet Niva", "Volkswagen Passat", "Hyundai Equus", "Land Rover LR3" və digər nəqliyyat vasitələri var.

Ən yüksək start qiyməti 24 min manat olmaqla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına məxsus 2014-cü il istehsalı "Hyundai Equus" markalı minik avtomobili üçün müəyyən edilib. Ən aşağı start qiyməti isə 800 manatdır və bu məbləğ "VAZ-21013" markalı avtomobilə aiddir.

Qeyd olunub ki, siyahıdakı 1-11-ci nəqliyyat vasitələri ikinci dəfə təkrar hərraca çıxarılır. Yasamal Rayon İcra Hakimiyyətinə məxsus "Nissan Maxima" avtomobili üçün keçirilmiş əvvəlki hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi üçüncü dəfə 10 faiz endirimlə satışa çıxarılıb. Dövlət Ehtiyatları Agentliyinin balansındakı "KamAZ 6520" yük avtomobili isə əvvəlki satış nəticəsinin ləğv olunması səbəbindən beş dəfədən çox təkrar hərraca çıxarılır və onun start qiymətinə 50 faiz endirim tətbiq edilib.

MONETAR.AZ