"Kraken" DÇ-2026-nın rəsmi kriptobirjası elan edildi

"Kraken" DÇ-2026-nın rəsmi kriptobirjası

Beynəlxalq Futbol Federasiyası (FIFA) idman və rəqəmsal maliyyə dünyasını birləşdirən tarixi bir tərəfdaşlığa imza atıb. Ali futbol qurumunun rəsmi açıqlamasına görə, qlobal kriptovalyuta birjası "Kraken", 2026-cı il futbol üzrə dünya çempionatının rəsmi kriptovalyuta tərəfdaşı və sponsoru statusunu qazanıb. Bu irimiqyaslı əməkdaşlıq çərçivəsində çempionata ev sahibliyi edən ABŞ, Kanada və Meksikanın 16 fərqli şəhərində azarkeşlər üçün xüsusi rəqəmsal layihələr və interaktiv tədbirlər təşkil olunacaq.

Tarixin ən böyük futbol turniri olacaq DÇ-2026, ilk dəfə olaraq 48 komandanın iştirakı ilə keçiriləcək. 11 iyun–19 iyul tarixlərini əhatə edəcək turnirdə ümumilikdə 104 qarşılaşma baş tutacaq və yeddi həftəlik bu futbol bayramını qlobal miqyasda 6 milyarddan çox insanın izləyəcəyi proqnozlaşdırılır.

"Payward" şirkətinin idarəçiliyində olan və 190-dan çox ölkədə fəaliyyət göstərən "Kraken"in həmsədri Arjun Seti (Arjun Sethi) bu tərəfdaşlığın fəlsəfəsini belə şərh edib: "Futbol bütün dünyanı eyni anda birləşdirən unikal bir hadisədir. Milyardlarla insan sərhədlərdən və dillərdən asılı olmayaraq eyni həyəcanı bölüşəcək. Müasir maliyyə sistemi də məhz bu prinsiplə, sərhədsiz və hər kəs üçün açıq işləməlidir. Dünya Çempionatı insanlara mobil telefon vasitəsilə əlçatan olan azad maliyyə sisteminin gücünü göstərmək üçün əvəzsiz platformadır".

Maliyyə və idman nəhənglərinin bu strateji iş birliyi turnirin açılış matçından bir gün əvvəl, yəni 10 iyun tarixində təşkil olunacaq möhtəşəm "Dünya Çempionatı geri sayım konserti" ilə rəsmən start götürəcək. FIFA-nın kommersiya direktoru Romi Qai  də qurumun hər zaman innovasiya və rəqəmsal texnologiyalara önəm verdiyini, bu səbəbdən "Kraken" ilə tərəfdaşlıqdan böyük məmnunluq duyduqlarını ifadə edib.

Qeyd edək ki, idman marketingində zəngin təcrübəsi olan "Kraken" birjası daha əvvəl İngiltərənin "Tottenham Hotspur", İspaniyanın "Atlético Madrid", Almaniyanın "RB Leipzig" futbol klubları və Formula 1-in "Williams Racing" komandası ilə də böyük uğurlu layihələrə imza atıb. Çempionat müddətində xüsusilə Şimali Amerika və Avropadakı azarkeşləri eksklüziv rəqəmsal məhsullar və xidmət təcrübələri gözləyir.

MONETAR.AZ