Dünyanın ən məşhur fast-fud şəbəkələrindən olan "McDonald’s" Honq-Konqun nüfuzlu Kuorri-Bey (Quarry Bay) rayonunda yerləşən kommersiya obyektinin satışını reallaşdırıb. "Hong Kong Economic Times" qəzetinin yaydığı məlumata görə, şirkət sözügedən restoran binasını təxminən 110 milyon Honq-Konq dollarına (təxminən 14 milyon ABŞ dolları) özgəninkiləşdirib.
Nəşrin etibarlı mənbələrə istinadən verdiyi xəbərdə qeyd olunur ki, qlobal brendin mülkünü yerli investorlardan biri satın alıb. Sövdələşməyə mövzu olan və olduqca əlverişli mövqedə yerləşən həmin daşınmaz əmlakın ümumi sahəsi təxminən 724 kvadratmetr təşkil edir. Alıcının kimliyi və sahədən gələcəkdə hansı məqsədlərlə istifadə olunacağı barədə hələlik rəsmi açıqlama verilməyib.
MONETAR.AZ