2015-ci il baza ili əsasında aparılan hesablamalara görə, 2021–2025-ci illərdə Azərbaycanda tikinti-quraşdırma işləri üzrə istehsalçı qiymət indekslərində davamlı artım müşahidə olunub.
Statistik göstəricilər ümumilikdə tikinti sektorunda xərc və qiymətlərin artım tendensiyasının sabit xarakter daşıdığını göstərir. 2025-ci ildə ümumi tikinti-quraşdırma işləri üzrə indeks 129,8 bənd təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 29,8 faiz artım deməkdir.
Məlumata əsasən, sektorda ən yüksək artım sosial və sənaye yönümlü tikinti sahələrində qeydə alınıb. Belə ki, sənaye (istehsalat) obyektləri üzrə qiymət indeksi 2021-ci ildə 112,2-dən 2025-ci ildə 135,1-ə yüksəlib və ümumilikdə 35,1 faiz artıb.
İnzibati binalar üzrə göstərici 121,2-dən 135,4-ə yüksələrək 35,4 faiz, ümumtəhsil məktəbləri üzrə isə 125,0-dan 133,8-ə yüksələrək 33,8 faiz artım qeydə alınıb. Sosial təyinatlı binalar üzrə ümumi artım 34,1 faiz təşkil edib.
Yaşayış tikintisi seqmentində də artım dinamikası müşahidə olunub. Yaşayış evlərinin tikintisi üzrə qiymət indeksi 116,7-dən 127,1-ə yüksələrək 27,1 faiz artıb. 5 mərtəbəyə qədər binalarda bu göstərici 28 faiz, 6 və daha çox mərtəbəli binalarda isə 26,9 faiz təşkil edib.
Nisbətən aşağı artım yol və körpü tikintisi sahəsində qeydə alınıb. Yol tikintisi üzrə qiymət indeksi 112,7-dən 124,6-ya yüksələrək 24,6 faiz artım göstərib. Körpü tikintisində isə artım 31,8 faiz təşkil edib.
Mütəxəssislərin fikrincə, tikinti sektorunda qiymət artımı əsasən material xərcləri, idxal komponentlərinin bahalaşması və iri infrastruktur layihələrinin icrası ilə əlaqədardır. Eyni zamanda, dövlət və özəl sektor tərəfindən həyata keçirilən investisiya layihələrinin strukturundan asılı olaraq ayrı-ayrı sahələrdə fərqli artım templəri müşahidə olunur.
Ümumilikdə, 2021–2025-ci illəri əhatə edən dövr tikinti sektorunda sabit, lakin davamlı xərc artımı tendensiyası ilə xarakterizə olunur.
MONETAR.AZ