“Volkswagen” restrukturizasiya planını müzakirə edir

“Volkswagen” restrukturizasiya planını

“Reuters” agentliyinin məlumatına görə, “Volkswagen” şirkətinin Almaniyada 100 minədək iş yerinin ixtisarı və 4 zavodun bağlanması ilə bağlı planları bugün keçiriləcək həlledici müzakirələr fonunda ciddi sınaq qarşısındadır. Avropanın ən böyük avtomobil istehsalçısına nəzarət edən əsas maraq qrupları, işçilərin etirazları fonunda şirkətin gələcək strategiyasını müzakirə etmək üçün bir araya gələcəklər.

Şirkət son illərdə yüksək istehsal xərcləri, izafi istehsal gücləri, Çin istehsalçılarının güclənən rəqabəti və ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları səbəbindən ciddi təzyiqlərlə üzləşib. Bu amillər rəhbərliyi onilliklər ərzində qrupun inkişafının əsasını təşkil etmiş biznes modelinə yenidən baxmağa vadar edir.

Volfsburqda keçiriləcək Müşahidə Şurasının iclasında baş icraçı direktor Oliver Blume rəhbərlik etdiyi qrup üzrə daha genişmiqyaslı restrukturizasiya planına dəstək qazanmağa çalışacaq. Plana “Audi” və “Porsche” də daxil olmaqla bütün qrup üzrə əlavə ixtisarlar daxildir. Eyni zamanda, son illərdə investisiyalarının dəyəri əhəmiyyətli dərəcədə azalan əsas səhmdarlar – Porsche və Piëch ailələri də şirkət rəhbərliyinə islahatların sürətləndirilməsi istiqamətində təzyiq göstərirlər.

Məsələyə yaxın mənbələrin bildirdiyinə görə, rəhbərlik Hannover, Emden, Zvikkau (Zwickau) və “Audi”nin Nekkarzulmdakı (Neckarsulm) istehsal müəssisələrinin bağlanmasını, eləcə də əvvəlki planla müqayisədə iki dəfə çox – 100 min iş yerinin ixtisarını nəzərdən keçirir. Bu qərar qəbul edilərsə, şirkətin tarixində həyata keçirilən ən iri restrukturizasiya proqramı olacaq.

2024-cü ilin sonunda aparılmış əvvəlki restrukturizasiya danışıqları zamanı həmkarlar ittifaqları rəhbərlikdən Almaniyadakı zavodların bağlanmaması ilə bağlı öhdəlik əldə etmişdilər. Mobility Global analitiklərinin hesablamalarına görə, 2026-cı ildə qrupun Almaniyadakı istehsal güclərinin yüklənmə səviyyəsi cəmi 81% təşkil edəcək, onilliyin sonuna qədər isə bu göstəricinin 73%-ə enəcəyi gözlənilir.

Bağlanması müzakirə olunan müəssisələr arasında hazırda ən yüksək istehsal gücü yüklənməsinə malik zavod Zvikkaudur. Burada bu göstərici 88% təşkil etsə də, proqnozlara əsasən, 2030-cu ilə qədər 42%-ə qədər geriləyəcək.

İclas öncəsi Almaniyanın ən böyük sənaye həmkarlar ittifaqı IG Metall ölkə üzrə təxminən 20 istehsal müəssisəsində etiraz aksiyaları təşkil edir. Aksiya iştirakçıları Almaniyada istehsalın və məşğulluğun qorunmasını tələb edirlər.

IG Metall-ın rəhbəri, eyni zamanda “Volkswagen” Müşahidə Şurasının sədr müavini Christiane Benner bildirib: “Bu, Direktorlar Şurasına açıq mesajdır: biz birlikdə olduğumuz müddətdə buna imkan verməyəcəyik.”

Onun sözlərinə görə, mövcud şəraitdə şirkət rəhbərliyi və dövlət qurumları Almaniyadakı zavodların tam istehsal gücü ilə fəaliyyət göstərməsini təmin etməli, yerli sənayeni qeyri-sağlam rəqabətin mənfi təsirlərindən qorumalıdır.

MONETAR.AZ