Bakı-Supsa neft kəmərinin operatorluğu SOCAR-a keçir

       Bakı-Supsa neft kəmərinin operatorluğu

Bu gündən etibarən Bakı-Supsa neft kəmərinin Azərbaycan hissəsi üzrə operatorluq funksiyası Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) verilir.

Məlumata görə, iyunun 8-dən başlayaraq BP şirkəti Bakı-Supsa neft kəmərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissələrinin operatorluğunu həmin ölkələrdəki sahiblərinə təhvil verir.

BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel daha əvvəl bildirib ki, operatorluğun təhvil verilməsi şirkətin layihədən çıxması anlamına gəlmir. Onun sözlərinə görə, bu addım təxminən 10 il əvvəl imzalanmış müqavilələrdən irəli gələn öhdəliklərin icrası çərçivəsində həyata keçirilir.

BP rəsmisi qeyd edib ki, Bakı-Supsa neft kəməri üzrə operatorluğun hər ölkədə hökumətə və ya onun müəyyən etdiyi operatora ötürülməsi mövcud sazişlərdə nəzərdə tutulub. Bu səbəbdən proses şirkətin təşəbbüsü deyil, müqavilə öhdəliklərinin yerinə yetirilməsidir.

Eyni zamanda bildirilib ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri üzrə operatorluğun təhvil verilməsi məsələsi ayrıca razılaşma əsasında həyata keçiriləcək və bunun iyul ayının əvvəlində baş verməsi gözlənilir.

Xatırladaq ki, 2026-cı ilin may ayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə ediblər.

“Bakı-Supsa” marşrutu Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan neftin ixracı üçün nəzərdə tutulub. Uzunluğu 837 kilometr olan kəmərin 775 kilometri yeni tikilmiş, 55 kilometri isə yenidən qurulmuş boru xəttindən ibarətdir. Kəmərin illik ötürücülük gücü 7 milyon tondan çox və ya gündəlik təxminən 145 min barel təşkil edir.

Qeyd edək ki, Bakı-Supsa marşrutu üzrə neft nəqli 2022-ci ilin yazından dayandırılmışdı.