Fars körfəzində cərəyan edən geosiyasi böhrana və İranın Hörmüz boğazındakı gəmiçilik xətlərinə yönəlmiş təhdidlərinə baxmayaraq, region ölkələri qlobal bazarlara neft tədarükünü bərpa etmək üçün qətiyyətli addımlar atır. "Bloomberg" agentliyinin yaydığı son məlumata görə, Küveyt İranda hərbi əməliyyatların alovlanmasından bəri ilk dəfə olaraq Asiyanın neft emalı müəssisələrinə xam neft satışı təklif edib. Bu addım Fars körfəzi ölkələrinin ixrac imkanlarını tədricən bərpa etməyə başladığını göstərən ən mühüm siqnallardan biri hesab olunur.
Əldə olunan məlumatlara əsasən, Küveytin dövlətə məxsus "Kuwait Petroleum Corp." şirkəti Çin və Cənubi Koreyada fəaliyyət göstərən neft emalı zavodlarına ölkənin əsas ixrac markasından azı 4 milyon barel həcmində xam neft partiyası təklif edib. Sözügedən nəhəng enerji yükü iki iri tonnajlı tanker vasitəsilə daşınır. ABŞ-nin tranzit əməliyyatlarının təhlükəsizliyini daha sıx koordinasiya etməsi bu prosesi sürətləndirib. Qeyd edək ki, Küveytdən bir qədər əvvəl Birləşmiş Ərəb Əmirlikləri də analoji addım ataraq Asiya alıcılarına Fars körfəzindən milyonlarla barel neft göndərmişdi. Buna baxmayaraq, ümumi tədarük həcmləri hələ də müharibədən əvvəlki göstəricilərdən xeyli aşağı səviyyədə qalmaqdadır.
Regionun beşinci ən böyük neft istehsalçısı olan Küveytin coğrafi mövqeyi bu böhranda xüsusi həssaslıq yaradır. Ölkənin neft terminalları Fars körfəzinin daxili hissəsində yerləşdiyindən, Küveyt tankerləri dünya bazarlarına çıxmaq üçün mütləq şəkildə riskli Hörmüz boğazından keçməlidir.
"Bloomberg" vurğulayır ki, təklif olunan son neft partiyalarını daşıyan gəmilər artıq Hörmüz boğazını sağ-salamat geridə qoyublar və qısa müddət ərzində Asiya limanlarına çatacaqlar. Xam neftin artıq riskli zonadan çıxması asiyalı alıcıların tədarük narahatlığını əhəmiyyətli dərəcədə azaldır və regiondan neft ixracının mərhələli şəkildə normallaşma xəttinə qədəm qoyduğunu sübut edir.
MONETAR.AZ