Qətər Hörmüz boğazındakı blokadanı yarmağa çalışır

Qətər Hörmüz boğazındakı blokadanı

Bloomberg agentliyinin gəmi izləmə (marine traffic) məlumatlarına görə, Yaxın Şərqdə alovlanan hərbi gərginliyə baxmayaraq, Qətərə məxsus növbəti mayeləşdirilmiş təbii qaz (LNG) tankeri strateji əhəmiyyətli Hörmüz boğazından keçməyi bacarıb. Bu hadisə qlobal enerji bazarları tərəfindən çox həssaslıqla izlənilir, çünki regiondakı müharibə şəraiti qlobal qaz tədarükünü iflic vəziyyətinə salıb.

Bölgədə hərbi risklərin pik həddə çatması fonunda LNG ixracatçıları və gəmi kapitanları qeyri-adi təhlükəsizlik tədbirlərinə əl atırlar. "Al Daayen" tankeri iyunun 5-dən etibarən mövqe siqnalı ötürməyi dayandıraraq (AIS sistemini söndürərək) boğaza daxil olub. Bu, gəmilərin hərbi hədəfə çevrilməməsi üçün tətbiq edilən gizlilik taktikasıdır.

Fevral ayının sonunda Qətərin nəhəng Ras Laffan sənaye şəhərciyi terminalında yüklənən tanker, nəhayət, bazar ertəsi günü Oman sahillərinin şərqində təhlükəsiz sularda yenidən radarlara düşüb. Gəmi dünyanın ən böyük enerji istehlakçılarından biri olan Çin istiqamətində hərəkət edir.

Bloomberg-in hesablamalarına görə, ABŞ və İsrailin fevralın sonunda İrana qarşı əməliyyatlara başlamasından sonra Hörmüz boğazından keçdiyi təsdiqlənən LNG yüklərinin sayı cəmi doqquz olub. Müqayisə üçün, müharibədən əvvəl bu marşrutla hər gün orta hesabla üç LNG tankeri hərəkət edirdi.

Analitiklər xəbərdarlıq edirlər ki, Qətər qazının Hörmüz boğazından çıxışının uzunmüddətli blokadası xüsusilə Yaponiya, Cənubi Koreya və Çin kimi Asiya nəhənglərinin enerji təhlükəsizliyini birbaşa təhdid edir. Bu dəniz dəhlizinin tamamilə bağlanması qlobal TTF və JKM qaz indekslərində tarixi qiymət şoklarına (böyük bahalaşmaya) səbəb ola bilər.

MONETAR.AZ