Yaxın Şərq böhranı Çinin neft idxalını 8 ilin dibinə yuvarladı

Yaxın Şərq böhranı Çinin neft idxalını 8 ilin

Yaxın Şərqdə davam edən hərbi münaqişələr və Fars körfəzindəki logistik blokada qlobal enerji ticarətində tektonik sürüşmələrə səbəb olub. Bloomberg tərəfindən təhlil edilən rəsmi gömrük və Kpler analitika platformasının məlumatlarına görə, dünyanın ən böyük xam neft idxalçısı olan Çinin xaricdən neft alışı son 8 ilin ən aşağı səviyyəsinə düşüb.

Pekin İrandakı gərginlik səbəbindən kəsilən tədarük həcmlərini bərpa etmək üçün tələsmir, əksinə, daxili bazarda tamamilə fərqli bir müdafiə strategiyası icra edir.

Gömrük məlumatlarına əsasən, may ayında xam neft idxalı təxminən 33 milyon tona qədər azalıb ki, bu da gündəlik 7,8 milyon barelə bərabərdir. Bu göstərici 2017-ci ilin oktyabrından bəri qeydə alınan ən aşağı səviyyədir. Müqayisə üçün, 2025-ci il ərzində Çin orta hesabla gündə təxminən 11,6 milyon barel neft idxal edib.

İdxalın kəskin azalmasına baxmayaraq, Çində daxili enerji böhranının qarşısını almaq üçün hökumət və neft emalı zavodları (NEZ) üç əsas kompensasiya kanalından istifadə edirlər:

  1. Strateji Rezervlərin Açılması: Kpler məlumatları təsdiqləyir ki, Çin zavodları yeni idxal müqavilələri bağlamaq əvəzinə, dövlətin nəhəng Strateji Neft Ehtiyatlarından (SPR) istifadəyə üstünlük verirlər. Bu addım qlobal bazarda neft qiymətlərinin süni şəkildə şişməsinin qarşısını alır.

  2. Emal Həcmlərinin Minimuma Endirilməsi: Dövlətə məxsus nəhəng NEZ-lər (Sinopec, PetroChina) istehsal templərini rekord minimuma endiriblər.

  3. Yanacaq İxracına Qadağa: Daxili bazarda defisit yaranmasın deyə, Çin xaricə benzin və dizel satışını məhdudlaşdırıb. Aprel ayında yanacaq ixracı ikirəqəmli faizlərlə azalıb.

Çinin idxalı təcili bərpa etmək istəməməsinin arxasında təkcə strateji ehtiyatlar yox, həm də ölkə daxilində yanacağa olan təbii tələbatın azalması dayanır. Belə ki, Çində elektrikli avtomobillərin (EV) və hibridlərin satış payının sürətlə artması ənənəvi neft məhsullarına (benzin) olan asılılığı struktur olaraq zəiflədib.

Çinin Şandunq əyalətində yerləşən müstəqil neft emalı zavodları üçün İran nefti əsas ucuz xammal bazası idi. Lakin ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirməsi, Vaşinqtonun İran limanlarına tətbiq etdiyi embarqolar və dəniz ticarəti riskləri səbəbindən bu kanal demək olar ki, iflic olub.

MONETAR.AZ