2027-2030-cu illəri əhatə edəcək yeni inkişaf proqramı hazırlanır

2027-2030-cu illəri əhatə edəcək

Azərbaycanda 2027–2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf proqramının ilin sonunadək qəbul olunması gözlənilir.

Bu barədə Vüsal Qasımlı Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən verilən tapşırığa uyğun olaraq ölkənin növbəti dövr üzrə sosial-iqtisadi inkişaf proqramı hazırlanır.

V.Qasımlı bildirib ki, yeni proqram Azərbaycanın orta müddətli inkişaf prioritetlərini müəyyən edəcək və iqtisadiyyatın bütün sahələrini əhatə edən əsas çərçivə sənədi olacaq. Onun sözlərinə görə, sənəd həm də müxtəlif sahələr üzrə hazırlanmış sektoral proqramlarla əlaqələndiriləcək.

O qeyd edib ki, artıq bir sıra sektoral inkişaf proqramları hazırlanaraq təsdiqlənib və bu sənədlər iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə hədəfləri və fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

İqtisadçı vurğulayıb ki, yeni sosial-iqtisadi inkişaf proqramı ölkədə iqtisadi artımın davamlılığının təmin olunması, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və digər strateji məqsədlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq.

Qeyd edilib ki, proqramın ilin sonuna qədər qəbul olunması nəzərdə tutulur və bu sənəd ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini formalaşdıracaq.

MONETAR.AZ