2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 129,1 milyard manata yüksəlib və dövlət büdcəsi profisitlə icra olunub.
Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında məlumat verib.
Nazirin sözlərinə görə, ötən il ölkə iqtisadiyyatında müsbət dinamika davam edib. ÜDM 2024-cü illə müqayisədə real ifadədə 1,4 faiz, nominal ifadədə isə 2 faiz artıb. Qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil edib və 2,7 faizlik real artım qeydə alınıb.
S.Babayev bildirib ki, 2025-ci ildə xam neftin orta illik qiyməti 71 dollar, orta illik inflyasiya isə 5,6 faiz olub. Manatın məzənnəsi il ərzində 1 ABŞ dollarına qarşı 1,7 manat səviyyəsində sabit qalıb.
Onun sözlərinə görə, əhalinin nominal gəlirləri 8 faiz artaraq inflyasiyanı üstələyib. Bu isə əhalinin real gəlirlərinin qorunmasına müsbət təsir göstərib.
Nazir həmçinin dövlət borcunun azalma tendensiyasını qeyd edib. 2026-cı il yanvarın 1-nə dövlət borcu 26 milyard manat və ya ÜDM-in 20,1 faizi səviyyəsində olub. İyunun 1-nə isə bu göstərici 24,1 milyard manata və ya ÜDM-in 18,4 faizinə enib.
Bildirilib ki, borc portfelində risklərin azaldılması istiqamətində də müsbət dəyişikliklər baş verib. Uzunmüddətli istiqrazların payı əhəmiyyətli dərəcədə artıb, borcun orta ödəmə müddəti isə 3,83 ilə yüksəlib.
S.Babayev qeyd edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 88,4 milyard dollara çatıb və bu göstərici xarici dövlət borcunu 19 dəfədən çox üstələyir.
O əlavə edib ki, 2025-ci ildə dövlət büdcəsinin profisitlə icra olunması gəlirlərin planı üstələməsi və xərclərin səmərəli idarə olunması ilə mümkün olub.
Nazirin sözlərinə görə, orta müddətli dövrdə əsas məqsəd büdcənin neft gəlirlərindən asılılığını azaltmaqdır. Bu çərçivədə 2029-cu ilədək Dövlət Neft Fondundan transfertlərin 6 milyard dollara endirilməsi nəzərdə tutulur.
MONETAR.AZ