Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

Bakı 14-cü Özəl Sektor Forumuna

Bakı şəhəri 16–19 iyun 2026-cı il tarixlərində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçiriləcək 14-cü Özəl Sektor Forumuna (PSF 2026) ev sahibliyi edəcək.

Forum İslam İnkişaf Bankı Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası tərəfindən THIQAH ilə tərəfdaşlıq şəraitində təşkil olunur.

“Dayanıqlı Rifah naminə Regional İnteqrasiya” devizi altında təşkil olunacaq forumun əsas məqsədi özəl sektorun iqtisadi artımın sürətləndirilməsi, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də İİB-ə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsində rolunu artırmaqdır.

Tədbir çərçivəsində infrastruktur, energetika, texnologiya, səhiyyə və maliyyə sektorlarında yeni investisiya imkanları müzakirə olunacaq. Forum proqramına yüksək səviyyəli panel sessiyaları, B2B və B2G görüşləri, startap proqramları, biznes əlaqələndirmə tədbirləri və bilik mübadiləsi platformaları daxil edilib.

Təşkilatçıların məlumatına görə, forumda dövlət qurumlarının nümayəndələri, beynəlxalq maliyyə institutları, investorlar, sahibkarlar, biznes assosiasiyaları və aparıcı şirkət rəhbərləri də daxil olmaqla 1500-dən çox iştirakçının iştirakı gözlənilir.

PSF 2026 çərçivəsində sərgi zonası da fəaliyyət göstərəcək. Burada şirkətlər və təşkilatlar öz layihələrini, məhsul və xidmətlərini, eləcə də investisiya imkanlarını təqdim edə biləcəklər. Həmçinin innovativ biznes ideyalarının dəstəklənməsi məqsədilə startap müsabiqəsi keçiriləcək.

Forum zamanı ənənəvi olaraq İİB Qrupunun Fərqlənmə Mükafatları da təqdim olunacaq. Bu mükafat iqtisadi inkişaf və ticarətin təşviqinə töhfə verən təşkilat və şəxslərə verilir.

Tədbirin əsas məruzəçiləri sırasında ICIEC-nin Baş icraçı direktoru və ICD-nin müvəqqəti Baş icraçı direktoru Xalid Xələfalla, eləcə də ITFC-nin Baş icraçı direktoru Ədib Yusuf Əl Aama yer alacaq. Onlar üzv ölkələr arasında investisiya və ticarət əməkdaşlığının inkişaf perspektivləri ilə bağlı çıxışlar edəcəklər.

MONETAR.AZ