Brüsseldən Moskvaya yeni maliyyə zərbəsi: 90 bank iflic ola bilər

Brüsseldən Moskvaya yeni maliyyə zərbəsi: 90 bank

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi təzyiqləri görünməmiş müstəviyə qaldırmağa hazırlaşır. "Reuters" agentliyinin Aİ-dəki etibarlı diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, icma bu çərşənbə günü rəsmi Moskvaya qarşı sayca 21-ci sanksiyalar paketini təqdim edəcək. Kremlin sülh danışıqlarına cəlb olunmasını hədəfləyən bu yeni məhdudiyyətlər dalğası əsasən Rusiyanın daxili bank sistemini və maliyyə əməliyyatları üçün istifadə edilən kriptovalyuta şəbəkələrini hədəf alacaq.

Yeni layihəyə əsasən, sanksiya siyahısına eyni anda 90-a yaxın Rusiya bankının daxil edilməsi gözlənilir. Bununla da Avropanın "qara siyahı"sına düşən Rusiya kredit təşkilatlarının ümumi sayı 100-ü ötəcək ki, bu da ölkənin qlobal maliyyə sistemi ilə inteqrasiya olunmuş bank sektorunun yarıdan çoxu deməkdir. Siyahıda yer alacaq maliyyə qurumlarına qarşı ən sərt tədbirlər — aktivlərin tam dondurulması, rəhbər şəxslərə səfər qadağaları və transsərhəd maliyyə əməliyyatlarına blok qoyulması tətbiq ediləcək.

Mənbənin bildirdiyinə görə, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin (EEAS) hazırladığı bu geniş siyahıdan başqa, Avropa Komissiyası əlavə olaraq daha 35 bank və təxminən 10 kriptovalyuta platforması ilə hər hansı əməliyyatın aparılmasını tamamilə qadağan etməyi təklif edir.

Aİ kəşfiyyatının məlumatına görə, hədəfə alınan həmin rəqəmsal platformaların bir qismi üçüncü ölkələr vasitəsilə gizli fəaliyyət göstərərək, Rusiyaya tətbiq olunan mövcud maliyyə sanksiyalarını və embarqoları manipulyasiya etmək imkanı yaradır. Yeni hüquqi paket qəbul olunarsa, Moskva üçün alternativ maliyyə kanallarının demək olar ki, hamısı qapanmış olacaq.

MONETAR.AZ