Büdcənin 70 faizi bu mənbədən olacaq

Büdcənin 70 faizi bu

Azərbaycan hökuməti 2029-cu ilə qədər dövlət büdcəsində qeyri-neft-qaz gəlirlərinin payını 70 faizə çatdırmağı planlaşdırır.

Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

Nazirin sözlərinə görə, ötən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55,2 faiz təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 2,8 faiz bəndi artım deməkdir.

S.Babayev bildirib ki, orta müddətli hədəfə əsasən, 2029-cu ilə qədər bu göstəricinin 69–70 faizə çatdırılması nəzərdə tutulur. Bu, dövlət büdcəsinin neft amilindən asılılığının azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Nazir əlavə edib ki, icmal büdcənin qeyri-neft-qaz gəlirlərinin qeyri-neft-qaz ÜDM-ə nisbəti 28,7 faizə yüksəlib. Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsiri qeyri-neft-qaz ÜDM-in 18,6 faizi səviyyəsində olub.

Onun sözlərinə görə, bu göstərici dövlət maliyyəsinin dayanıqlığı baxımından vacib əhəmiyyət daşıyır. S.Babayev qeyd edib ki, büdcə kəsiri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da mövcuddur və adətən ÜDM-in 2,2–2,5 faizi civarında proqnozlaşdırılır.

Nazir həmçinin vurğulayıb ki, qeyri-neft baza kəsirinin azaldılması fiskal sabitliyin gücləndirilməsi baxımından əsas hədəflərdən biridir. Hazırkı göstərici əvvəlki hədəfdən daha yaxşı nəticə göstərərək ÜDM-in 18,6 faizi səviyyəsində qeydə alınıb.

S.Babayev bildirib ki, təsdiqlənmiş ortamüddətli xərclər çərçivəsinə uyğun olaraq, 2029-cu ilə qədər qeyri-neft baza kəsirinin 13 faizə endirilməsi planlaşdırılır.

MONETAR.AZ