Dələduzluqla mübarizə üzrə yeni qaydalar ilin sonunadək tətbiq olunacaq

Dələduzluqla mübarizə üzrə yeni qaydalar

Azərbaycanda dələduzluq və kibertəhlükəsizlik risklərinə qarşı yeni qaydaların ilin sonunadək tətbiq olunması nəzərdə tutulur.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvüVüsal Xəlilov “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, rəqəmsallaşmanın və nağdsız ödənişlərin sürətlə artması fonunda dələduzluq və kibertəhlükəsizlik təhdidləri həm dünyada, həm də Azərbaycanda aktuallığını qoruyur. Bu risklərin idarə olunması məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən kompleks tədbirlər həyata keçirilir.

V.Xəlilov bildirib ki, əsas istiqamətlərdən biri maliyyə sektoru iştirakçıları ilə birlikdə dələduzluğa qarşı qaydaların və limitlərin təkmilləşdirilməsidir. Məqsəd daha effektiv mexanizmlərin tətbiqi vasitəsilə dələduzluq hallarının qarşısını almaqdır.

O qeyd edib ki, digər mühüm istiqamət Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən FinCERT və Antifrod Mərkəzi tərəfindən görülən işlərdir. FinCERT beynəlxalq akkreditasiyadan keçərək beynəlxalq CERT şəbəkəsi olan FIRST təşkilatına tamhüquqlu üzv qəbul edilib.

Mərkəzi Bank rəsmisinin sözlərinə görə, hazırda müxtəlif qurumlarla məlumat və təcrübə mübadiləsi aparılır, həm rəqəmsal həllərin inkişafı, həm də tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

V.Xəlilov vurğulayıb ki, yeni yanaşma çərçivəsində təşkilatlar riskəsaslı idarəetmə modelini tətbiq edəcək. Hər bir qurum öz risk profilinə və risk iştahasına uyğun daxili qaydalar formalaşdıracaq.

“Dələduzluq və kibertəhlükəsizlik təhdidlərinin tam aradan qaldırıldığı hər hansı ölkə təcrübəsi mövcud deyil. Bu səbəbdən də bu sahədə mübarizə davamlı xarakter daşıyır və risklərin minimuma endirilməsi istiqamətində işlər davam etdiriləcək”, – deyə o əlavə edib.

MONETAR.AZ