"Azəri Star Mikromaliyyə” bank olmayan kredit təşkilatı (BOKT) MMC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Rəsmi rəqəmlər mikromaliyyə bazarının bu kiçik oyunçusunun ciddi struktur və maliyyə disbalansı ilə üz-üzə qaldığını göstərir.
Ötən il BOKT-un xalis zərəri illik müqayisədə 2.2 dəfə artaraq 53 min 121 manata çatıb. Təşkilat 2024-cü ili də 23.8 min manat zərərlə bağlamışdı.
Hesabatda ən kəskin problem şirkətin əsas biznes modelinin zərər üzərində qurulmasıdır. Ötən il BOKT-un faiz gəlirləri 68% artaraq 78 min 31 manata yüksəlsə də, faiz xərclərinin artım sürəti gəlirləri üstələyib. Şirkətin faiz xərcləri 86.6% artaraq 131 min 152 manat təşkil edib. Nəticədə daxili bazardan cəlb olunan vəsaitlərin dəyəri, kredit vasitəsilə qazanılan pullardan baha başa gəlib və şirkət mənfi faiz marjası ilə işləməyə məcbur olub.
"Azəri Star Mikromaliyyə"nin hesabatı bir neçə məqamı ilə diqqət çəkir. Birincisi, şirkətin xalis zərəri qəpiyinə qədər faiz gəliri və xərcləri arasındakı mənfi fərqə (-53,121 manat) bərabərdir. Bu isə o deməkdir ki, sənəd üzərində şirkətin fəaliyyət göstərməsi üçün heç bir inzibati xərc, əməkhaqqı fondunun ödənişi və ya icarə xərcləri qeyd alınmayıb.
İkincisi, BOKT-un cəmi borc öhdəlikləri son bir ildə 10% artaraq cəmi 16 min 967 manat göstərildiyi halda, il ərzində 131 min manatdan çox faiz xərcinin necə yarandığı sual doğurur. Maliyyə analitikləri bunu rəsmi balansa daxil edilməyən, lakin təsisçilər qarşısında öhdəlik yaradan daxili borclanma mexanizmləri ilə izah edirlər.
Xroniki zərərlər təşkilatın kapital bazasını da sıradan çıxarır. Hazırda BOKT-un nizamnamə kapitalı 1 milyon 435 min manat olsa da, yığılmış zərərlər səbəbindən cəmi kapital və ehtiyatlar 1 milyon 86 min manata enib. Yəni, indiyə qədər səhmdarların qoyduğu vəsaitin təxminən 349 min manatı (24.3%-i) tamamilə əriyib. Aktivlərin 1.1 milyon manat olduğu təşkilatda kredit portfelinin (712 min manat) ümumi aktivlərdəki payının az olması da daxili vəsaitlərin tam dövriyyəyə buraxıla bilmədiyinə işarə edir.
MONETAR.AZ