Hər 10 müştəridən yalnız 2-si bankının şəffaflığından məmnundur

Hər 10 müştəridən yalnız 2-si

Bank müştərilərinin əhəmiyyətli hissəsi ödəniş xidmətlərinin şəffaflığı və izlənilə bilməsi ilə bağlı mövcud vəziyyətdən narazıdır.

Bu barədə ənubi Qafqaz üzrə SWIFT-in ölkə meneceri İrina Lohrer Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq konsaltinq şirkəti McKinsey & Company tərəfindən aparılan araşdırmada bank müştərilərinin ödəniş xidmətləri ilə bağlı məmnunluq səviyyəsi qiymətləndirilib. Tədqiqat çərçivəsində sadəlik, şəffaflıq və izləniləbilirlik meyarları üzrə sorğular keçirilib.

İ.Lohrer bildirib ki, ödənişlərin həyata keçirilməsinin sadəliyi ilə bağlı sorğuda iştirak edən müştərilərin yalnız 50 faizi banklarının təqdim etdiyi xidmətlərdən məmnun olduqlarını qeyd edib.

Onun sözlərinə görə, rüsum və komissiyalar üzrə şəffaflıq göstəricilərinə gəldikdə isə vəziyyət daha zəifdir. Belə ki, bank müştərilərinin yalnız üçdə biri banklarının bu sahədəki fəaliyyətindən razı qaldığını bildirib.

SWIFT rəsmisi vurğulayıb ki, izləniləbilirlik və şəffaflıq üzrə nəticələr daha aşağı olub. Araşdırmaya əsasən, hər 10 bank müştərisindən cəmi 2-si bankının təqdim etdiyi xidmətlərin şəffaflığından və əməliyyatların izlənilməsi imkanlarından məmnun olduğunu ifadə edib.

İ.Lohrer qeyd edib ki, SWIFT uzun illərdir banklar və onların müştəriləri üçün transsərhəd ödənişlərin daha sürətli, şəffaf və izlənilə bilən olması istiqamətində çalışır.

Onun sözlərinə görə, təşkilat ödəniş proseslərinin təkmilləşdirilməsi məqsədilə bir sıra əlavə dəyər yaradan həllər təqdim edir. Bu həllərdən biri də ödənişlərin başladılması mərhələsində məlumatların avtomatik doldurulmasına imkan verən SWIFT sorğu məlumatları repozitoriyasıdır.

Ekspert hesab edir ki, bank sektorunda müştəri məmnuniyyətinin artırılması üçün ödəniş əməliyyatlarının şəffaflığı və izlənilə bilməsi istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir.

MONETAR.AZ