Azərbaycanda nağdsız ödənişlərin daha da stimullaşdırılması və sahibkarların bank xərclərinin azaldılması məqsədilə kart ödənişləri üzrə xidmət haqlarına (tariflərinə) yenidən baxılıb. Azərbaycan Mərkəzi Bankı (AMB) bu sahədə həm bankların, həm də biznes subyektlərinin maraqlarını nəzərə alan yeni balanslaşdırılmış tariflər müəyyən edib.
Yeniliyə əsasən, fərqli fəaliyyət sahələri üçün bank kartı ilə edilən ödənişlərin xidmət haqları (maksimum hədləri) aşağıdakı kimi tənzimlənib:
-
Ərzaq mağazaları və apteklərdə: 1,25 %
-
Yanacaqdoldurma məntəqələrində (YDM): 0,75 %
-
Digər sahələrdə: Maksimum 1,5 %
İndiyə qədər mağazalar müştərilərdən kartla ödəniş qəbul edərkən banklara yüksək faiz dərəcəsi ilə xidmət haqqı ödəyirdilər. Bu da biznesin xərclərini artırır və bəzi hallarda sahibkarların nağdsız ödənişlərdən qaçmasına səbəb olurdu.
Mərkəzi Bankın tətbiq etdiyi yeni qaydalar "acquirer" (post-terminal quran və ödənişi qəbul edən) bankların xərclərini birbaşa aşağı salacaq. Bunun fonunda isə banklar tərəfindən ticarət və xidmət obyektlərinə (satıcılara) tətbiq edilən faizlər azalacaq.
Nəticədə sahibkarların xərcləri yüngülləşəcək, bu isə ölkədə kartla və digər nağdsız vasitələrlə edilən ödənişlərin daha da kütləviləşməsinə şərait yaradacaq.
MONETAR.AZ