Müasir maliyyə dünyasında rəqəmsal bankçılığa yanaşma kökündən dəyişməli, maliyyə institutları yalnız texnoloji yeniliklərə deyil, ümumi iş prinsiplərinə diqqət yetirməlidir. Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində çıxış edən Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) MDB və Qafqaz regionu üzrə ölkə meneceri İrina Lorer rəqəmsal ekosistemdəki ən böyük boşluqlara toxunub. O, bankların ən böyük səhvinin yalnız texnologiyaya fokuslanmaq olduğunu bildirərək, daha geniş və əməliyyatyönümlü bir strateji baxışın zəruriliyini vurğulayıb.
İrina Lorer regionun maliyyə sektorunda tez-tez rast gəlinən və müştəri məmnuniyyətinə mənfi təsir edən konkret bir problemi nümunə çəkib. SWIFT rəsmisinin sözlərinə görə, bir çox banklar hələ də ənənəvi iş qrafiki ilə, yəni saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir və iş saatları bitdikdən sonra bütün köçürmələr, o cümlədən ödəniş əməliyyatları dondurulur: "Nəticədə müştəri növbəti iş gününü gözləməyə məcbur qalır ki, ödəniş icra olunsun. Lakin müştərinin gözləntisi artıq fərqlidir. Dünya bu modeldən çoxdan uzaqlaşıb. İstifadəçilər həm ölkədaxili, həm də sərhədlərarası köçürmələrdə 24/7 rejimində işləyən ani ödənişlər tələb edirlər".
Ekspert qeyd edib ki, bu cür geriqalmalar maliyyə sektorunda düşüncə tərzinin və köhnəlmiş əməliyyat modellərinin təcili olaraq dəyişdirilməsini şərtləndirir.