2 milyon dollar ver, Hörmüzdən rahat keç! 

2 milyon dollar ver,

Hörmüz boğazından keçən ticarət gəmiləri üçün ödənişlərin 2 milyon ABŞ dollarına qədər yüksəldiyi bildirilir. Bu barədə beynəlxalq media və analitik mənbələr məlumat yayıb.

Məlumata görə, İran və Oman tərəfindən tətbiq olunan yeni mexanizm çərçivəsində boğazdan keçən bəzi gəmilər üçün “təhlükəsiz keçid xidməti” adı altında yüksək məbləğdə ödənişlər nəzərdə tutulur.

Bildirilib ki, ödənişlərin həcmi gəminin növü, yükün xüsusiyyəti və risk səviyyəsindən asılı olaraq dəyişir. Orta hesabla bir tanker üçün bu məbləğ 1,5-2 milyon ABŞ dolları arasında qiymətləndirilir.

Ekspertlərin fikrincə, Hörmüz boğazı dünya neft ticarətində strateji əhəmiyyət daşıdığı üçün burada tətbiq olunan hər hansı rüsum qlobal enerji bazarına birbaşa təsir göstərə bilər. Hazırkı hesablamalara görə, gündəlik keçidlərin məhdudlaşması fonunda potensial gəlirlərin milyonlarla dollar səviyyəsinə çatması mümkündür.

Bəzi analitiklər bu addımı regionda yeni iqtisadi və geosiyasi modelin formalaşması kimi qiymətləndirir və bildirirlər ki, sözügedən mexanizm uzunmüddətli perspektivdə beynəlxalq gəmiçilik qaydalarına da təsir göstərə bilər.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi ilə birləşdirən və dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi strateji dəniz keçidi hesab olunur.

MONETAR.AZ