Fars körfəzində boru xətti yarışı: iki ölkə Hörmüzdən yan keçən marşrutları işə salır

Fars körfəzində boru xətti yarışı: iki ölkə Hörmüzdən yan keçən

Orta Şərqdə regional gərginlik səbəbindən strateji Hörmüz boğazının qapanması, regionun nəhəng neft istehsalçılarını hərəkətə keçirib. "CNBC" telekanalının yaydığı məlumata görə, İraq və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) boğazın bağlanması nəticəsində iflic olan ixrac imkanlarını bərpa etmək üçün alternativ neft kəmərlərinin tikintisi və genişləndirilməsi layihələrini maksimum sürətləndiriblər.

Ötən həftə İraq Nazirlər Kabineti ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən Kürdüstan–Türkiyə neft kəməri şəbəkəsinin gücünün artırılması planına rəsmi razılıq verib. Bu layihə reallaşdıqdan sonra sözügedən marşrutla nəql edilən xammalın həcmi gündəlik 220 min bareldən 770 min barelə çatdırılacaq. Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına uzanan bu xətt rəsmi Bağdad üçün kritik rıçaqdır. Çünki Dünya Bankının rəqəmlərinə görə, neft sektoru İraqın real ÜDM-nin 53 faizini formalaşdırır.

"QuantCube Technology" şirkətinin təhlilləri göstərir ki, hərbi əməliyyatların başlamasından sonra coğrafi mövqeyinə görə Hörmüz boğazından tam asılı olan İraqın ümumi neft ixracı demək olar ki, tamamilə dayanıb. Şirkətin baş iqtisadçısı Alen Lemanien vəziyyəti belə şərh edib: "İraq hazırda ən mürəkkəb vəziyyətdə qalan tərəfdir. Çünki bu ölkənin çıxardığı qarayanacağın böyük hissəsi, demək olar ki, hamısı birbaşa Hörmüz boğazından keçirdi".

Rəsmi rəqəmlər də bu böhranı təsdiqləyir: cari ilin aprel ayında boğaz vasitəsilə cəmi 10 milyon barel neft daşına bilib, halbuki müharibədən əvvəl bu göstərici aylıq 93 milyon barel səviyyəsində idi.

Paralel olaraq BƏƏ də logistik asılılığı azaltmaq üçün qətiyyətli addımlar atır. Əbu-Dabi rəhbərliyi nefti birbaşa Oman körfəzi sahilindəki Füceyrə limanına çatdıracaq "Qərb–Şərq" neft kəmərinin inşasını intensivləşdirib.

2027-ci ildə istismara verilməsi nəzərdə tutulan bu meqalayihə "Abu Dhabi National Oil Company" (ADNOC) şirkətinin Hörmüzdən yan keçməklə ixrac potensialını təxminən iki dəfə artıracaq. Ekspertlər qeyd edirlər ki, fərqli coğrafi alternativləri və digər dəniz terminallarına çıxışı olan BƏƏ bu qlobal böhrandan İraqla müqayisədə daha az itki ilə çıxmaq şansına malikdir.

MONETAR.AZ