Tikinti şirkətlərinə yeni öhdəlik: Hər mənzilə ən azı bir parkinq yeri

Tikinti şirkətlərinə yeni öhdəlik:

Azərbaycanda yeni tikilən yaşayış və qeyri-yaşayış obyektləri üçün parklanma yerlərinin minimum sayı müəyyənləşdirilib. Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası"nı təsdiq edib.

Qərarı Komitənin sədri Anar Quliyev imzalayıb. Yeni sənəd tikinti layihələrinin hazırlanması zamanı hər bir obyekt növü üçün minimum neçə avtomobil yerinin nəzərdə tutulmalı olduğunu müəyyən edir. Məqsəd yeni tikilən yaşayış komplekslərində, ticarət və xidmət obyektlərində, təhsil və səhiyyə müəssisələrində parklanma probleminin qarşısını almaqdır.

Çoxmənzilli binalarda hər mənzilə ən azı bir parkinq yeri

Yeni qaydalara əsasən, çoxmənzilli yaşayış binalarında hər mənzil üçün minimum bir avtomobil yeri ayrılmalıdır. Əgər mənzilin sahəsi 180 kvadratmetrdən böyükdürsə, həmin mənzil üçün 1,3 avtomobil yeri nəzərdə tutulmalıdır. Fərdi yaşayış evləri üçün isə minimum bir parklanma yeri tələb olunur.

Bu o deməkdir ki, yeni layihələndirilən yaşayış binalarında tikinti şirkətləri əvvəlkindən daha çox yeraltı və ya yerüstü parkinq sahəsi yaratmalı olacaqlar.

Ofislər və banklar üçün daha sərt tələblər

Qərara əsasən, ofis binaları, hüquq şirkətləri, sığorta təşkilatları və banklar üçün hər 50 kvadratmetr ümumi sahəyə görə ən azı bir avtomobil yeri ayrılması məcburidir. Dövlət qurumlarında bu norma hər 75 kvadratmetr, bələdiyyə binalarında isə hər 100 kvadratmetr üçün bir avtomobil yeri təşkil edir.

Ticarət və iaşə obyektləri üçün ayrıca normalar müəyyənləşdirilib

Böyük mağazalar üçün 200 kvadratmetrdən artıq olan hər 50 kvadratmetr sahəyə görə bir avtomobil yeri ayrılmalıdır. Topdansatış bazarları və bazarlarda isə tələb daha yüksəkdir. Belə obyektlərdə hər 100 kvadratmetr sahəyə üç avtomobil yeri nəzərdə tutulmalıdır. Restoranlarda hər 50 kvadratmetr, kafelərdə hər 75 kvadratmetr sahəyə görə bir parkinq yeri ayrılması tələb olunur. Ən yüksək normativlərdən biri isə şadlıq saraylarına aiddir. Burada hər 30 kvadratmetr sahə üçün bir avtomobil yeri yaradılması məcburidir.

Məktəblər və xəstəxanalar da yeni qaydalara daxil edildi

Yeni kvotalar təhsil və səhiyyə müəssisələrinə də şamil olunur. Məktəbəqədər və ümumtəhsil müəssisələrində hər 300 kvadratmetr, ali və orta ixtisas təhsil müəssisələrində isə hər 200 kvadratmetr sahəyə görə bir avtomobil yeri ayrılmalıdır. Poliklinikalarda hər 100 kvadratmetr üçün bir parklanma yeri, xəstəxanalarda isə hər beş çarpayıya bir avtomobil yeri nəzərdə tutulur.

Stadion, teatr və məscidlər üçün də norma tətbiq olunacaq

Yeni sənədə əsasən, kinoteatrlar, teatrlar, konsert zalları və digər tamaşa məkanlarında hər 10 oturacaq üçün bir avtomobil yeri yaradılmalıdır. Stadionlarda və tamaşaçı tutumu olan idman komplekslərində isə hər 20 tamaşaçı yeri üçün bir avtomobil yeri ayrılması tələb edilir. Məscidlər, kilsələr və digər ibadət yerlərində hər 100 kvadratmetr sahəyə görə bir avtomobil yeri nəzərdə tutulmalıdır. Parklar, çimərliklər və kurortlar da siyahıya salındı

Yeni normativlər rekreasiya zonalarını da əhatə edir.

Çimərliklər və parklarda eyni vaxtda gələn hər 100 ziyarətçi üçün minimum 15 avtomobil yeri yaradılmalıdır. Meşə parklarında bu göstərici yeddi yer, sanatoriya və istirahət mərkəzlərində isə hər 100 istirahətçi üçün 10 avtomobil yeri müəyyən edilib.

Yeni kvotaların əsas məqsədi son illər xüsusilə iri şəhərlərdə kəskinləşən parklanma problemini tikinti mərhələsində həll etməkdir. İndiyədək bir çox yaşayış kompleksi, biznes mərkəzi və ticarət obyekti kifayət qədər parkinq sahəsi olmadan istifadəyə verilirdi ki, bu da ətraf küçələrdə avtomobillərin nizamsız park edilməsinə və nəqliyyat sıxlığına səbəb olurdu.

Yeni tələblər qüvvəyə mindikdən sonra layihələndirilən binalarda minimum parklanma norması məcburi olacaq. Bu isə tikinti şirkətlərinin layihələrində daha geniş yeraltı və çoxmərtəbəli parkinqlər nəzərdə tutmasını zəruri edəcək.

Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə üç gün müddətində sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb. Yeni normalar dövlət reyestrində qeydiyyata alındıqdan sonra tətbiq olunacaq.

MONETAR.AZ