Rəsmi statistikaya görə, 2025-ci ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 375,5 min ton dənli və dənli paxlalı bitkilər yığılmışdır ki, bu da 2024-cü illə müqayisədə 3,0 faiz çoxdur. Tərəvəz istehsalı 1 milyon 769,4 min ton olmaqla əvvəlki ilə nisbətən 3,8 faiz azalıb. Meyvə və giləmeyvə istehsalında isə artım qeydə alınıb – 1 milyon 394,4 min ton məhsul yığılaraq 5,8 faiz artım əldə edilib.
Hesabat dövründə kartof istehsalı 924,7 min ton təşkil edib və bu göstərici 2024-cü ilə nisbətən 0,3 faiz azalıb. Bostan məhsullarının istehsalı 459,0 min ton olmaqla 6,4 faiz geriləyib. Bununla yanaşı, pambıq istehsalında əhəmiyyətli artım müşahidə olunub. Belə ki, 363,2 min ton pambıq yığılaraq əvvəlki illə müqayisədə 16,8 faiz artım qeydə alınıb. Şəkər çuğunduru istehsalı da 328,5 min tona çataraq 13,2 faiz artıb.
Üzüm istehsalı 210,9 min ton olmaqla 2,8 faiz, günəbaxan istehsalı 31,8 min ton olmaqla 1,9 faiz artıb. Tütün istehsalında daha yüksək artım müşahidə edilib – 8,4 min ton məhsul yığılaraq 28,9 faiz artım qeydə alınıb. Yaşıl çay yarpağı istehsalı isə 1,2 min ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 12,7 faiz çoxdur.
Heyvandarlıq sahəsində də istehsal göstəriciləri əsasən sabit qalıb. 2025-ci ildə diri çəkidə 659,2 min ton ət, 2 milyon 305,9 min ton süd, 2 milyard 342,9 milyon ədəd yumurta, 14,6 min ton yun və 186,6 ton barama istehsal olunub. 2024-cü illə müqayisədə yumurta istehsalı 1,8 faiz, süd istehsalı 0,3 faiz artıb, ət istehsalı isə eyni səviyyədə qalıb. Yun istehsalı 1,3 faiz, barama istehsalı isə 22,1 faiz azalıb.
Ümumilikdə, 2024-cü illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,9 faiz artıb. Bu artım bitkiçilik məhsulları istehsalında 1,5 faiz, heyvandarlıq məhsulları istehsalında isə 0,3 faiz artım hesabına təmin edilib.
MONETAR.AZ