Qlobal maliyyə bazarlarında qızılın gələcək qiyməti ilə bağlı yeni proqnoz diqqət çəkib. “Qoldman Saks”da fəaliyyət göstərmiş tanınmış strateq Cefri Kerri bildirib ki, Orta Şərqdəki geosiyasi gərginlik və enerji bazarındakı təzyiqlər qızıl qiymətlərində həm eniş, həm də uzunmüddətli yüksəliş üçün zəmin yarada bilər.
Strateqin fikrincə, yaxın dövrdə enerji qiymətlərinin artması və bəzi ölkələrin valyuta təzyiqləri ilə üzləşməsi nəticəsində mərkəzi banklar qızıl satışına getmək məcburiyyətində qala bilər. Bu isə qısamüddətli dövrdə bazarda əlavə təzyiq formalaşdıraraq qızılın ucuzlaşmasına səbəb ola bilər.
Kerri hesab edir ki, bu mərhələdə qızılın bir unsiyası 4 min dollaradək enə bilər. Lakin qiymətin 3 750–4 000 dollar aralığına düşməsi halında iri investorlar və dövlət fondlarının yenidən bazara daxil olması gözlənilir.
Strateq uzunmüddətli perspektivdə isə fərqli ssenariyə diqqət çəkir. Onun sözlərinə görə, enerji böhranının qlobal iqtisadi artımı zəiflətməsi mərkəzi bankları faiz endiriminə və yumşaq pul siyasətinə qayıtmağa məcbur edə bilər. Bu isə qızıl üçün yeni yüksəliş mərhələsi yaradaraq qiymətin 10 min dollar səviyyəsinə qədər arta biləcəyi ehtimalını gündəmə gətirir.
Mütəxəssislər bildirirlər ki, bu cür proqnozlar yüksək risk və qeyri-müəyyənlik daşısa da, qızılın geosiyasi və iqtisadi hadisələrə qarşı həssaslığı davam edir.
MONETAR.AZ