Trampın "tez sülh" mesajı Avropada qazı ucuzlaşdırdı

Trampın "tez sülh" mesajı

Qlobal enerji birjaları Ağ Evdən gələn diplomatik siqnallara və Yaxın Şərqdəki hərbi gərginliyin yumşalması perspektivlərinə dərhal reaksiya verib. ABŞ Prezidenti Donald Trampın qanunvericilərlə görüşündə İranla müharibənin “çox tez” başa çata biləcəyini bəyan etməsi və bəzi Körfəz ölkələrinin xahişi ilə yeni zərbələri təxirə saldığını açıqlaması bazarlarda neftlə bərabər təbii qaz fyuçerslərini də aşağı salıb. Avropanın etalon qovşağı hesab olunan Niderlandın TTF habında qaz müqavilələri 1,7% ucuzlaşaraq meqavat-saat üçün 50,96 avroya enib; analoji azalma Böyük Britaniyanın daxili bazarında da qeydə alınıb.

Eyni zamanda, fevral ayından bəri faktiki olaraq bağlı olan Hörmüz boğazında ilk real canlanma müşahidə olunur. Kpler və LSEG nəvaziyyat sistemlərinin məlumatına görə, Çin və Cənubi Koreya bayrağı altında üzən supertankerlərin bu strateji su yolunu təhlükəsiz tərk etməsi qlobal tədarük zəncirinin bərpasına dair ümidləri artırıb. Bu hərəkətlilik neftin qiymətinə də mənfi təzyiq göstərsə də, Brent markalı xam neftin qiyməti hələ də müharibədən əvvəlki geosiyasi səviyyələrdən yuxarıda qərarlaşıb.

Hərbi ritorikanın yumşalması və dəniz tranzitinin qismən bərpası qısamüddətli rahatlıq yaratsa da, sahə analitikləri Avropada qazın kəskin ucuzlaşacağını gözləmirlər. The Wall Street Journal qeyd edir ki, Vaşinqton və Tehran arasında pərdəarxası danışıqlarda hələlik fundamental irəliləyiş yoxdur. Üstəlik, qitənin qaz bazarı qarşıdakı qış mövsümü üçün bir neçə ciddi sınaqla üz-üzədir:

  • LNG uğrunda Asiya ilə rəqabət: Mayeləşdirilmiş təbii qaz (LNG) partiyaları üçün Çin başda olmaqla Asiya alıcılarının aqressiv təklifləri Avropanın anbarlarını doldurmaq xərclərini yüksək saxlayır.

  • Ukrayna infrastrukturu təhlükədə: Ukraynanın qaz saxlancı və tranzit qovşaqlarına yönələn hərbi zərbə riskləri davam edir ki, bu da rəsmi Kiyevin qışda Avropa İttifaqından daha böyük həcmdə qaz idxal etmək məcburiyyətində qalacağını göstərir.                                                                                                                                                                                                                                                                                  Strateqlərin fikrincə, Avropanın yeraltı qaz anbarlarının cari doluluq səviyyəsinin aşağı olması fonunda bu fundamental amillər qiymətlərin kəskin şəkildə çökməsinə imkan verməyəcək və TTF indeksini 50 avro psixoloji baryeri ətrafında saxlayacaq.

MONETAR.AZ