UBS 2027-ci ildə gümüşün bahalaşacağını proqnozlaşdırır

UBS 2027-ci ildə gümüşün bahalaşacağını

UBS analitikləri gümüşün kəskin ucuzlaşmadan sonra həddindən artıq satılmış vəziyyətə düşdüyünü bildirərək yaxın aylar üçün bu metal üzrə uzun mövqeləri (long) daha cəlbedici hesab edirlər. Bankın proqnozuna görə, 2027-ci ildə dezinflasiya prosesinin güclənməsi qiymətli metallara marağı yenidən artıra bilər.

UBS Global Wealth Management şirkətinin investisiya bölməsinin strateqi Dominik Şnayderin sözlərinə görə, gümüş bu il qeydə alınan zirvə qiymətindən təxminən 70% ucuzlaşıb. O, belə sürətli və genişmiqyaslı korreksiyanın sonuncu dəfə qlobal maliyyə böhranı və 1980-ci illərin əvvəllərində müşahidə olunduğunu qeyd edib.

Şnayder bildirib ki, 12 aylıq perspektivdə gümüş 2026-cı ilin birinci rübünün əvvəlində həddindən artıq alındığı vəziyyətə bənzər şəkildə hazırda həddindən artıq satılmış görünür. Qızılın qiymətinin gümüşə nisbətinin 88-ə yüksəlməsi də metalın nisbi cəlbediciliyini artırıb. Onun fikrincə, bu göstərici gümüşün mütləq mənada son dərəcə ucuz olduğunu göstərməsə də, qızılla müqayisədə daha əlverişli qiymətləndirildiyinə işarə edir.

UBS gümüş bazarında təklif profisitinin yaranmağa meyilli olduğunu və bazarın daha balanslı vəziyyətə gələcəyini proqnozlaşdırır. Bununla belə, Silver Institute 2026-cı ildə 35 milyon unsiya həcmində kəsir gözləyir. Cari rübün əvvəlindən fyuçers bazarında xalis qeyri-kommersiya mövqeləri təxminən 36 milyon unsiya azalıb, ETF-lərə isə xalis 14 milyon unsiya vəsait axını qeydə alınıb.

Bank gələn il gümüş bazarına təsir edəcək əsas amilin ABŞ-ın pul-kredit siyasəti olacağını düşünür. UBS-in proqnozuna əsasən, Federal Ehtiyat Sistemi faiz artımları mərhələsini 2027-ci ilin birinci rübündə başa çatdıracaq. İkinci rübdən etibarən dezinflasiyanın daha qabarıq xarakter alması isə faizlərin azaldılması ilə bağlı gözləntiləri gücləndirə bilər.

Şnayder gümüşün yüksək volatilliyini nəzərə alaraq, qiymət artımının qızılla müqayisədə daha güclü ola biləcəyini bildirib. UBS qısamüddətli perspektivdə isə opsionların volatilliyinin 50%-ə yaxınlaşması fonunda əlavə gəlir əldə etmək məqsədilə qiymət enişi risklərinin satışını alternativ strategiya kimi qiymətləndirir.

MONETAR.AZ