ABŞ-ın ən böyük şirkəti dəyişib - “Amazon” “Walmart”ı geridə qoyub

ABŞ-ın ən böyük şirkəti dəyişib -

ABŞ-da gəlir həcminə görə ən böyük şirkət 2026-cı ildə dəyişib. Son 13 ildə reytinqə başçılıq edən “Walmart” ilk pilləni “Amazon”a təhvil verib. “Amazon”un illik gəliri 716,9 milyard dollara çataraq rəqibini cəmi 3,7 milyard dollar qabaqlayıb.

Monetar.az xəbər verir ki, Visual Capitalist nəşrinin “Fortune 500” reytinqinin tarixi məlumatları əsasında hazırladığı araşdırma 1955-2026-cı illər ərzində ABŞ-ın ən yüksək gəlirə malik şirkətinin necə dəyişdiyini göstərir.

Son 70 ildən artıq müddətdə bu mövqeyi cəmi dörd şirkət tutub: “General Motors”, “ExxonMobil”, “Walmart” və “Amazon”.

1955-ci ildə ilk “Fortune 500” reytinqinə 9,8 milyard dollar gəlirlə “General Motors” başçılıq edib. Avtomobil istehsalçısı 1974-cü ilədək ardıcıl 20 reytinqdə ilk pilləni qoruyub. Ümumilikdə şirkət 2026-cı ilədək 37 dəfə ABŞ-ın ən yüksək gəlirli şirkəti olub.

1970-ci illərin ortalarından etibarən neft sektorundakı yüksəliş reytinqdə dəyişikliklərə səbəb olub. 1975-ci ildə “Exxon” ilk dəfə “General Motors”u geridə qoyub. Sonrakı illərdə iki şirkət liderliyi növbələşdirib. 2001-ci ildə “ExxonMobil” 210,4 milyard dollar gəlirlə birinci olub.

2002-ci ildə isə pərakəndə ticarət nəhəngi “Walmart” 219,8 milyard dollar gəlirlə liderliyi ələ keçirib. Şirkət 2013-2025-ci illərdə ardıcıl olaraq reytinqin ilk pilləsində qərarlaşıb. Onun gəliri 2025-ci ildə 681 milyard dollara yüksəlib.

2026-cı ildə isə “Amazon”un gəliri 716,9 milyard dollara çatıb. “Walmart”ın gəliri 713,2 milyard dollar təşkil edib. Beləliklə, iki şirkət arasındakı fərq 3,7 milyard dollar və ya 1%-dən az olub.

“Amazon”un yüksəlişi şirkətin fəaliyyət modelindəki dəyişikliklərlə də əlaqələndirilir. Onlayn kitab satışı ilə fəaliyyətə başlayan şirkət hazırda elektron ticarət, bulud xidmətləri, reklam və abunəliklərdən gəlir əldə edir.

2025-ci ildə “Amazon Web Services”in gəliri 128,7 milyard dollar, əməliyyat mənfəəti isə 45,6 milyard dollar olub. Bu bölmə şirkətin ümumi gəlirinin təxminən 18%-ni formalaşdırsa da, əməliyyat mənfəətinin 57%-ni təmin edib.