Bloomberg-in yaydığı məlumata görə, bu həftədən etibarən ölkə tarixində ilk dəfə olaraq ayrı-ayrı səhmlərə bağlı leverec (kredit çiyni ilə işləyən) birja fondları (ETF) investorların istifadəsinə veriləcək.
İlk məhsullar qlobal süni intellekt (AI) çipləri sənayesinin iki nəhəngi — Samsung Electronics və SK Hynix səhmlərinə indekslənəcək.
Leverec ETF nədir və necə işləyir?
Bu fondlar törəmə maliyyə alətlərindən istifadə edərək investorlara əsas aktivin (bu halda Samsung və ya SK Hynix səhmlərinin) gündəlik gəlirliliyinin tam 2 qatını (2x) qazanmaq imkanı verir.
Əgər gün ərzində Samsung səhmləri 3% dəyər qazanarsa, bu leverec ETF-ə sahib olan investorun qazancı 6% olacaq. Lakin sistem tərs mütənasib də işləyir: səhm 3% düşərsə, investor 6% zərər edir. Bu səbəbdən leverec məhsullar yüksək qazancla yanaşı, həm də böyük risk və bazar volatilliyi (dəyişkənliyi) vəd edir.
Yarımkeçirici sektoruna milyardlarla dollarlıq axın proqnozu
Cənubi Koreyada 14 milyondan çox aktiv pərakəndə (fərdi) investor var və onların AI ekosisteminə marağı pik həddədir. Analitiklər yeni fondlara daxili bazarda nəhəng tələbatın olacağını proqnozlaşdırırlar:
-
Vəsait axını gözləntisi: Hesablamalara görə, hər iki şirkətin səhmlərinə bağlı işə salınacaq 14 yeni leverec ETF-ə qısa müddətdə 5.3 trilyon von (təxminən 3.5 milyard ABŞ dolları) həcmində xalis kapital axını baş verə bilər.
-
Xarici rəqabət: Koreyalı investorlar indiyədək bu növ riskli alətlər üçün xarici bazarlara üz tuturdular. Məsələn, Honkonqda qeydiyyatdan keçmiş analoji Samsung ETF-i bu il 1.3 milyard dollar toplayıb. SK Hynix-ə bağlı xarici fond isə dünyada fərdi səhmə bağlı ən böyük leverec ETF-ə çevrilib. Seul bu addımla həmin kapitalı ölkə daxilində saxlamaq istəyir.
Volatillik riski və tənzimləyicinin xəbərdarlığı
Fondların gətirdiyi ən böyük təhlükə günün sonunda aparılan yenidən balanslaşdırma (rebalancing) əməliyyatlarıdır. Leverec ETF-lər hər günün sonunda öz mövqelərini bərabərləşdirmək üçün böyük həcmdə səhm alıb-satmalı olurlar ki, bu da bazarda kəskin dalğalanmalara yol açır.
Ölkənin Maliyyə Nəzarəti Xidməti investorları böyük maliyyə itkiləri barədə xəbərdar edib. Riskləri sığortalamaq üçün Cənubi Koreyada bu növ fondlara yatırım etmək istəyən şəxslərə məcburi təlim keçmək öhdəliyi qoyulub. Maraqlıdır ki, 2026-cı ilin yalnız ilk iki ayında 300 min investor bu təlimi tamamlayaraq sertifikat alıb ki, bu da artıq bütün 2025-ci ilin ümumi göstəricisini geridə qoyub.
MONETAR.AZ