Nissanın bölməsi Böyük Britaniyada istehsal planından imtina edib

Nissanın bölməsi Böyük Britaniyada istehsal planından

Qlobal avtomobil sənayesində elektromobillərə (EV) keçid strategiyalarının yenidən nəzərdən keçirilməsi dalğası davam edir. Reuters agentliyinin Nikkei nəşrinə istinadən yaydığı məlumata görə, Nissan Motor şirkətinin törəmə müəssisəsi olan JATCO, Böyük Britaniyanın Sanderlend şəhərində elektromobillər üçün güc ötürücü sistemlərinin (transmissiyaların) istehsalı layihəsini rəsmən ləğv edib.

Bu addım qlobal avtomobil nəhənglərinin tələbin azalması fonunda investisiya planlarını dondurduğunu və ya təxirə saldığını göstərən növbəti bariz nümunədir.

JATCO-nun Sanderlend müəssisəsi ilə bağlı planları kifayət qədər iddialı idi və Nissan-ın regional EV ekosisteminin əsas sütunlarından biri hesab olunurdu. Şirkət 2025-ci ilin yanvarında bu layihəyə 48,7 milyon funt sterlinq (təxminən 65,4 milyon dollar) birbaşa investisiya yatıracağını bəyan etmişdi.

Zavodda ildə 340 min ədəd inteqrasiya olunmuş elektromobil güc sistemi istehsal edilməli idi. Bu müasir sistem üç əsas komponenti — mühərrik, invertor və reduktoru vahid 3-ü-1-də kompleksi şəklində birləşdirirdi.

İnvestisiya qərarının geri oxunmasının arxasında həm regional bazar konyukturası, həm də Nissan-ın qlobal maliyyə çətinlikləri dayanır. Avropa bazarında bütövlükdə Nissan elektromobillərinə olan alıcı marağı proqnozlaşdırılan səviyyədən xeyli aşağı olub.

Nissan hazırda gəlirliliyi bərpa etmək üçün qlobal miqyasda irihəcmli restrukturizasiya həyata keçirir. Yapon istehsalçısı ABŞ və Çin kimi top-bazarlarda yerli brendlərin (xüsusilə Çin istehsalçılarının) kəskin rəqabəti ilə üzləşib və satışları zəifləyib. Şirkət keçən il qlobal istehsal şəbəkəsini optimallaşdıraraq 17 zavoddan 10-a endirməyi və güc aqreqatları biznesində əməliyyatların coğrafiyasını daraltmağı planlaşdırdığını açıqlamışdı.

JATCO-nun bu qərarına baxmayaraq, Sanderlend şəhərindəki əsas müəssisə Nissan üçün strateji mərkəz statusunu qoruyub saxlayır. Avtomobil nəhəngi Sanderlenddə yeni nəsil elektromobil modellərinin istehsalını davam etdirəcəyinə dair Britaniya hökumətinə verdiyi vədi qüvvədə saxlayır. Bu EV istehsalını zəruri batareyalarla təmin etmək üçün şirkətin AESC batareya istehsalçısı ilə qurduğu strateji tərəfdaşlıq layihəsi plandan kənarlaşdırılmayıb.

Hələlik nə Nissan, nə də JATCO rəsmiləri məsələ ilə bağlı media sorğularına rəsmi şərh verməyiblər. Ekspertlər qeyd edirlər ki, tənzimləyici qaydaların dəyişməsi, subsidiyaların kəsilməsi və yüksək EV qiymətləri səbəbindən digər qlobal avtokonsernlər də yaxın aylarda analoji təxirəsalma qərarları qəbul edə bilərlər.

MONETAR.AZ