Yaxın Şərqdə regional hərbi münaqişənin alovlanması və Hörmüz boğazının faktiki olaraq blokadaya alınmasından sonra ilk dəfə olaraq Hindistana mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker bu kritik su dəhlizini tərk edib. Bloomberg agentliyinin yaydığı bu eksklüziv məlumat qlobal enerji bazarlarında gərginliyin qismən də olsa azala biləcəyinə dair ümidlər yaradıb.
Analitik və kəşfiyyat platforması Kpler-in gəmiçilik məlumatlarına əsasən, bu tarixi reysi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus şirkət həyata keçirir. Adnoc Logistics & Services şirkətinin idarəçiliyində olan “Al Hamra” LNG tankeridir.
Tanker qaz yükünü Fars körfəzinin daxilində, Hörmüz boğazının arxa hissəsində yerləşən Das adasındakı Abu Dhabi National Oil Company (ADNOC) ixrac terminalından qəbul edib. Boğazı uğurla keçən gəmi hazırda Hindistanın qərb sahillərindəki LNG terminallarına doğru hərəkət edir.
Qeyd olunur ki, gərginlik dövründə ADNOC Fars körfəzindən daha iki LNG partiyasını çıxara bilib. Həmin gəmilərdən biri Çinə, digəri isə Yaponiyaya göndərilib.
ABŞ və İran arasındakı birbaşa hərbi-diplomatik qarşıdurma fonunda tətbiq edilən faktiki blokada səbəbindən Hörmüz boğazı naviqasiya üçün demək olar ki, tamamilə bağlanmışdı. Bu coğrafi nöqtə dünya enerji təhlükəsizliyinin şah damarı hesab olunur. Dünyada istehlak edilən ümumi mayeləşdirilmiş təbii qazın (LNG) təxminən 20%-i (beşdə biri) məhz Hörmüz boğazı vasitəsilə qlobal bazarlara çıxarılır.
"Al Hamra" tankerinin bu çətin geosiyasi şəraitdə Hörmüz boğazını sağ-salamat tərk etməsi Hindistanın kəskinləşən daxili enerji qıtlığını kompensasiya etmək baxımından mühüm bir sınaq və uğurlu presedent hesab olunur.
MONETAR.AZ