Elm cəmiyyətin inkişafında, qlobal problemlərin həllində və ölkələrin gələcəyinin formalaşmasında mühüm rol oynayır. Hər il noyabrın 10-da dünyada Sülh və inkişaf naminə Dünya Elm Günü qeyd olunur.
Monetar.az xəbər verir ki, bu əlamətdar günün qeyd olunması təşəbbüsü 1999-cu ildə Budapeştdə keçirilən Dünya Elm Konfransında irəli sürülüb. 2001-ci ildə UNESCO-nun Baş Konfransının 31-ci sessiyasında Dünya Elm Gününün təsis edilməsi barədə qərar qəbul olunub. 2002-ci ildən etibarən noyabrın 10-u beynəlxalq səviyyədə qeyd edilir.
Günün əsas məqsədi elmin cəmiyyətin həyatındakı əhəmiyyətini artırmaq, elmi nailiyyətlər barədə ictimaiyyətin məlumatlılığını genişləndirmək və elm adamları ilə cəmiyyət arasında əməkdaşlığı gücləndirməkdir.
Dünya Elm Günü münasibətilə müxtəlif ölkələrdə elmi konfranslar, seminarlar, festivallar və maarifləndirici tədbirlər təşkil olunur. Bu təşəbbüslər elmin sülhün, davamlı inkişafın və qlobal problemlərin həllinin təmin edilməsindəki roluna diqqət çəkir.
Azərbaycanda da bu tarix müxtəlif elmi tədbirlərlə qeyd olunur. Ölkədə elmi potensialın qorunması, tədqiqatların inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması və gənclərin elmə marağının artırılması əsas istiqamətlər sırasındadır.
Elm və texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə elmi tədqiqatlara investisiya qoyuluşu, innovasiyaların təşviqi və elmi biliklərin iqtisadiyyata tətbiqi ölkələrin rəqabət qabiliyyətinin artırılmasında xüsusi əhəmiyyət daşıyır.