Dünyanın gözü Antalyada: 102 ölkənin lideri COP31-ə toplaşır

Dünyanın gözü Antalyada:

Türkiyənin Antalya şəhəri bu gündən etibarən dünyanın diqqət mərkəzinə çevriləcək. İlk dəfə Türkiyənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) 12 gün davam edəcək.

Monetar.az xəbər verir ki, tədbirdə 196 ölkə və Avropa İttifaqının nümayəndələri iştirak edəcək. Sammitə 102 ölkənin liderinin və 300-dən çox nazirin qatılması gözlənilir.

Noyabrın 11-12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Liderlər Sammiti keçiriləcək. Konfransda iqlim böhranı, təmiz enerjiyə keçid, sıfır tullantı, ərzaq təhlükəsizliyi və dayanıqlı inkişaf məsələləri müzakirə olunacaq.

COP31-in təşkilinə və Türkiyənin sədrliyinə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum rəhbərlik edəcək. Tədbirdə BMT, Avropa Komissiyası, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Beynəlxalq Enerji Agentliyinin nümayəndələrinin də iştirakı gözlənilir.

Konfransın əsas yanaşması “COP tətbiqi” konsepsiyası olacaq. Bu yanaşma iqlimlə bağlı beynəlxalq öhdəliklərin konkret layihələrə çevrilməsini və ölkələr arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

COP31-in fəaliyyət gündəliyində 10 prioritet istiqamət müəyyənləşdirilib. Bunlara təmiz enerjiyə keçid, sıfır tullantı, ərzaq təhlükəsizliyi, yaşıl sənayeləşmə, iqlimə davamlı şəhərlər, gənclər və təhsil, okeanların mühafizəsi və dayanıqlı səhiyyə sistemləri daxildir.

Konfrans üçün Antalyada ümumilikdə 1 milyon 100 min kvadratmetr sahəni əhatə edən tədbir məkanı hazırlanıb. Bunun 527 min kvadratmetri Mavi Zona, 582 min kvadratmetri isə Yaşıl Zona kimi təşkil edilib.

Mavi Zona BMT-nin idarəçiliyində fəaliyyət göstərəcək və əsas iqlim danışıqları burada aparılacaq. Yaşıl Zonada isə özəl sektor, akademik dairələr, vətəndaş cəmiyyəti və gənclər üçün ekoloji layihələr, texnologiyalar və sərgilər təqdim olunacaq.

Tədbir çərçivəsində 10 min kvadratmetr ərazidə “Sıfır Tullantı” Muzeyinin yaradılması, həmçinin uşaqlar və gənclər üçün tullantıların çeşidlənməsi və təkrar emalı üzrə praktiki fəaliyyətlərin təşkili nəzərdə tutulub.

COP31-in əsas məqsədi qlobal iqlim problemlərinin müzakirəsi ilə yanaşı, bu sahədə qəbul edilən öhdəliklərin praktiki nəticələrə çevrilməsi üçün beynəlxalq əməkdaşlığı gücləndirməkdir.