Energetika naziri COP31-də iştirak edib

Energetika naziri COP31-də

Energetika naziri Pərviz Şahbazov COP31 çərçivəsində külək enerjisinə investisiyaların sürətləndirilməsi məsələlərinə həsr olunmuş Nazirlər və İnvestorların Plenar İclasında əsas məruzəçi kimi çıxış edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin himayəsi və dəstəyi ilə keçirilən tədbir Türkiyə Külək Enerjisi Assosiasiyası (TÜREB) və Qlobal Külək Enerjisi Şurası (GWEC) tərəfindən təşkil olunub. İclas “Külək enerjisinə investisiyaların sürətləndirilməsi: COP31 öhdəliklərindən tərəfdaşlıqlara” mövzusuna həsr edilib.

Çıxışı zamanı Pərviz Şahbazov artan elektrik enerjisi tələbatının etibarlı və münasib qiymətli enerji mənbələri hesabına ödənilməsində, eləcə də emissiyaların azaldılmasında külək enerjisinin mühüm rolunu vurğulayıb. Nazir bu sahəyə investisiyaların cəlb edilməsi üçün uzunmüddətli enerji alışı müqavilələrinin və investorlar üçün etibarlı biznes mühitinin yaradılmasının vacibliyini qeyd edib.

Bildirilib ki, hazırda külək enerjisinin bərpa olunan enerji mənbələri üzrə ümumi qoyuluş gücündə payı 14,3 faizdir. Azərbaycanın ümumi elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerjinin payının 2035-ci ilədək 43 faizə çatdırılması hədəfinə quru və dəniz külək elektrik stansiyaları mühüm töhfə verəcək.

Nazir Xəzər dənizinin Azərbaycanın suveren ərazisinə aid hissəsində 157 QVt həcmində külək enerjisi potensialının olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dəniz külək enerjisi layihələrinin reallaşdırılması üçün ərazilər müəyyənləşdirilib, müvafiq hüquqi baza yaradılıb və ümumi gücü 4 QVt-dan çox olan layihələr planlaşdırılır.

Pərviz Şahbazov külək enerjisinin regional yaşıl enerji dəhlizlərinin inkişafında da mühüm mənbələrdən biri olacağını bildirib. Bu çərçivədə “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvan vasitəsilə “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” dəhlizlərinin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, Transxəzər dəhlizinin Qazaxıstan və Özbəkistanın külək enerjisinin Azərbaycan üzərindən daha geniş bazarlara çatdırılmasına imkan yaradacağı qeyd olunub.

Nazir beynəlxalq maliyyə institutlarını, investorları və şirkətləri bu istiqamətdə əməkdaşlığa dəvət edərək Azərbaycanın tərəfdaşları ilə birgə işləməyə hazır olduğunu bildirib.

Tədbir çərçivəsində Türkiyənin “Yaşıl Vətən Səfərbərliyi” layihəsi çərçivəsində Energetika naziri Pərviz Şahbazovun adından ağac tinginin əkilməsinə görə ona təşəkkür sertifikatı təqdim edilib.