Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında etdiyi paylaşımda Bakıda keçirilən 13-cü Ümumdünya Şəhər Forumunun (WUF13) yekunlarını şərh edib. Dövlət başçısı bu mötəbər tədbirin miqyasına, qlobal əhəmiyyətinə və Azərbaycanın beynəlxalq arenadakı nüfuzuna təsirinə diqqət çəkib.
Prezident vurğulayıb ki, WUF13 miqyasına görə ölkədə COP29-dan sonra reallaşan ikinci ən böyük beynəlxalq hadisədir. Tədbirin yüksək səviyyədə təşkili münasibətilə o, bütün tərəfdaşları, iştirakçıları və BMT-nin Məskunlaşma Proqramını (UN-Habitat) təbrik edib.
WUF13 həm kütləviliyi, həm də diplomatik yenilikləri ilə Ümumdünya Şəhər Forumları tarixinə düşüb. Foruma təxminən 60 min iştirakçı qatılıb ki, bununla da Bakı görüşü tarixə "ən böyük Ümumdünya Şəhər Forumu" kimi yazılıb.
Forum çərçivəsində ilk dəfə məhz Azərbaycanın təşəbbüsü ilə dövlət və hökumət başçılarının, rəsmilərin qatıldığı xüsusi liderlər seqmenti təşkil edilib. Bu addım qlobal şəhər inkişafı strategiyasına yeni siyasi təkan verib.
Forumun uğurlu yekunu olaraq beynəlxalq miqyaslı iki vacib sənəd — Sədrin Xülasəsi və Bakı Fəaliyyət Çağırışı qəbul edilib.
Dövlət başçısı çıxışında və paylaşımında işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə xüsusi yer ayırıb: Urbisid (şəhərlərin məhvi), kulturosid (mədəniyyətin məhvi) və ekosid (ekologiyanın məhvi) yaşamış Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzurda doqquz şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur."
Beynəlxalq ictimaiyyətin və xarici ekspertlərin Bakının postmünaqişə dövründə həyata keçirdiyi sürətli və müasir ("ağıllı şəhər" və "ağıllı kənd") şəhərsalma layihələrini yüksək qiymətləndirdiyini deyən Prezident, bu təcrübənin dünyadakı digər postmünaqişə regionları üçün unikal bir örnək (nümunə) kimi qəbul edildiyini bildirib.
Bakı Forumunun qəbul etdiyi sənədlər təkcə bu günün deyil, gələcək onilliklərin də şəhərsalma xəritəsini cızır. Forum çərçivəsində qlobal şəhər gündəliyini formalaşdıracaq əsas ideyalar bunlardır:
-
Təmiz havanın təmini və şəhərlərdə ekoloji mühitin yaxşılaşdırılması;
-
Dayanıqlı, yaşıl şəhər inkişafı və mədəni irsin qorunması;
-
İqlim dəyişikliyindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərinə şəhərsalma və infrastruktur sahəsində dəstək göstərilməsi.
Sonda Prezident qeyd edib ki, artan qlobal qeyri-müəyyənlik, siyasi və iqtisadi böhranlar şəraitində WUF13-ün uğurla reallaşdırılması Azərbaycanın kollektiv səylərin birləşdirilməsinə və çoxtərəfli beynəlxalq əməkdaşlığın gücləndirilməsinə verdiyi növbəti böyük töhfədir.
