ABŞ və Çin bir-birindən hansı məhsullardan asılıdır?

ABŞ və Çin bir-birindən

 ABŞ və Çin arasında ticarət gərginliyi davam etsə də, dünyanın iki ən böyük iqtisadiyyatı bir sıra strateji məhsullar üzrə hələ də bir-birindən ciddi şəkildə asılıdır. BMT-nin “UN Comtrade” məlumatları əsasında hazırlanan araşdırmada tərəflərin əsas idxal məhsulları göstərilib.

Məlumata görə, ABŞ-ın Çindən idxal etdiyi ən böyük məhsul qrupu smartfon və telefon avadanlıqlarıdır. 2024-cü ildə ABŞ bu kateqoriya üzrə Çindən 51,5 milyard dollarlıq məhsul alıb. Bu, ABŞ-ın ümumi smartfon idxalının təxminən 45 faizini təşkil edir.

Siyahıda növbəti yerlərdə kompüter və noutbuklar – 36,7 milyard dollar, həmçinin litium-ion və digər batareyalar – 18,1 milyard dollar qərarlaşıb. ABŞ-ın batareya idxalının 56 faizə yaxını Çinin payına düşür.

Bundan əlavə, ABŞ oyuncaqlar, kuklalar və pazlların 76 faizini, video oyun konsolları və aksesuarlarının isə təxminən 78 faizini Çindən idxal edir.

Çin isə ABŞ-dan əsasən enerji, kənd təsərrüfatı və yüksək texnologiya məhsulları alır. 2024-cü ildə Çin ABŞ-dan 14 milyard dollarlıq mayeləşdirilmiş qaz, 12 milyard dollarlıq soya məhsulları idxal edib.

Eyni zamanda, yarımkeçiricilər və inteqral sxemlər üzrə idxalın həcmi 11,8 milyard dollar təşkil edib. Çin ABŞ-dan həmçinin 7,3 milyard dollarlıq minik avtomobilləri, 6,6 milyard dollarlıq aviasiya mühərrikləri və qaz turbinləri alıb.

Araşdırmada qeyd olunur ki, aviasiya sahəsində Çin ABŞ-dan xüsusilə asılı vəziyyətdədir. Belə ki, Çinin idxal etdiyi təyyarə və aviasiya mühərriklərinin yarıdan çoxu ABŞ istehsalıdır.

Ekspertlər bildirirlər ki, Vaşinqton və Pekin son illərdə qarşılıqlı asılılığı azaltmağa çalışsalar da, uzun illər ərzində formalaşmış iqtisadi inteqrasiya bu prosesi mürəkkəb və baha edir. Xüsusilə mikroçip sənayesi iki ölkə arasında əsas rəqabət sahələrindən biri olaraq qalır.

Analitiklərin fikrincə, strateji məhsullar üzrə mövcud ticarət əlaqələrinin tam əvəzlənməsi uzun illər tələb edə və hər iki tərəf üçün ciddi iqtisadi xərclərlə nəticələnə bilər.

MONETAR.AZ