Dünya üzrə polad istehsalı üzrə 2025-ci ilin göstəricilərinə əsasən ölkələrin siyahısı açıqlanıb. Beynəlxalq Polad Assosiasiyasının məlumatlarına istinadən hazırlanan araşdırmada Çin açıq fərqlə birinci yerdə qərarlaşıb.
Məlumata görə, Çin 2025-ci ildə 960,8 milyon ton polad istehsal edərək dünya istehsalının 52 faizini təmin edib. Bu göstərici Çinin təkbaşına növbəti 12 ölkənin ümumi istehsalından daha çox polad istehsal etdiyini göstərir.
İkinci yerdə 164,9 milyon tonla Hindistan qərarlaşıb. Bu ölkə qlobal istehsalın 8,9 faizini təşkil edir. Hindistanda son illərdə infrastruktur layihələrinin genişlənməsi və sənayeləşmə prosesi polad istehsalının artmasına təkan verib.
Üçüncü və dördüncü yerləri müvafiq olaraq ABŞ və Yaponiya tutur. ABŞ 82 milyon ton, Yaponiya isə 80,7 milyon ton polad istehsal edib. Hər iki ölkə qlobal istehsalın təxminən 4,4 faizinə sahibdir.
Siyahıda növbəti yerlərdə Rusiya (67,8 milyon ton), Cənubi Koreya (61,9 milyon ton), Türkiyə (38,1 milyon ton), Almaniya (34,1 milyon ton), Braziliya (33,3 milyon ton) və İran (31,8 milyon ton) yer alıb.
Araşdırmada qeyd olunur ki, polad istehsalı qlobal sənaye və iqtisadiyyat üçün strateji əhəmiyyət daşıyır. Bu material tikinti, infrastruktur, avtomobil sənayesi və istehsalatda əsas xammal hesab olunur.
Ekspertlər bildirirlər ki, xüsusilə Çinin dominant mövqeyi qlobal xammal bazarlarına da ciddi təsir göstərir. Çin polad istehsalında istifadə olunan dəmir filizi və kömür qiymətlərinin formalaşmasında mühüm rol oynayır.
Hindistanın isə sürətli iqtisadi inkişafı, geniş infrastruktur layihələri və sənaye siyasəti nəticəsində polad istehsalını davamlı şəkildə artırdığı qeyd olunur.
ABŞ, Yaponiya və digər inkişaf etmiş ölkələr isə daha çox istehsalın genişləndirilməsindən çox, daha ekoloji və enerjiyə qənaətli texnologiyalara keçidə fokuslanıblar.
MONETAR.AZ