Hindistan iqtisadiyyatının 2027-ci ildə 7,5 faiz artacağı gözlənilir

Hindistan iqtisadiyyatının 2027-ci ildə 7,5 faiz artacağı

“Bank of America Securities” Hindistan iqtisadiyyatının qarşıdakı maliyyə illərində artımını davam etdirəcəyini proqnozlaşdırır. Bankın qiymətləndirməsinə görə, yüksək inflyasiya, faiz dərəcələrinin artırılması və kapital axınlarındakı dəyişkənliyə baxmayaraq, ölkə iqtisadiyyatı dayanıqlığını qoruyacaq.

Proqnoza əsasən, 2026-cı maliyyə ilində 7,8% artım qeydə alan Hindistan iqtisadiyyatı 2027 və 2028-ci maliyyə illərində 7,5%, 2029-cu maliyyə ilində isə 7,8% böyüyəcək. Enerji daşıyıcılarının qiymətlərinin azalması iqtisadi artıma təsir edən amillərdən biri kimi göstərilir.

Oktyabrda Hindistanda pərakəndə inflyasiya 6,1%-ə yüksələrək son iki ilin maksimumuna çatıb. Topdansatış inflyasiya isə 12,3% təşkil edib. “BofA” zəif musson mövsümü və El-Ninyo risklərini nəzərə alaraq, 2027-ci maliyyə ili üçün inflyasiya proqnozunu 5,2%-ə, 2028-ci maliyyə ili üçün isə 4,7%-ə çatdırıb.

Bank analitikləri Hindistan Ehtiyat Bankının faiz dərəcəsini ümumilikdə 100 baza bəndi artıraraq 6,25%-ə yüksəldəcəyini gözləyirlər. Proqnoza dekabr və fevral aylarında 25 baza bəndlik, 2027-ci ilin ikinci rübündə isə əlavə artım daxildir.

Kapital axınları ilə bağlı məlumatlara görə, noyabrda Hindistana xalis xarici portfel investisiyaları təxminən 12 milyard dollar təşkil edib və rupi əvvəlki rekord minimum səviyyələrdən möhkəmlənib. Bununla yanaşı, maliyyə ilinin əvvəlindən ölkənin səhm bazarından 17,2 milyard dollar xarici kapital çıxarılıb. Valyuta ehtiyatları isə sentyabrın əvvəlindəki rekord səviyyə ilə müqayisədə 66 milyard dollar azalıb.

Qlobal texnologiya və süni intellekt şirkətlərinin səhmlərindəki satışlar fonunda Hindistan bazarına investisiya marağının artdığı bildirilir. Bu dövrdə “Nifty 50” indeksi son bir ayda təxminən 10% yüksəlib.

“BofA” 2027-ci maliyyə ilində Hindistanın tədiyə balansında 82 milyard dollar, yaxud ÜDM-in 2%-i həcmində profisit gözləyir. 2028-ci maliyyə ili üçün proqnoz 40 milyard dollardır. Cari əməliyyatlar hesabının kəsirinin isə 2027-ci maliyyə ilində 44,7 milyard dollar, 2028-ci maliyyə ilində 32 milyard dollar olacağı ehtimal edilir.

Bankın proqnozuna görə, mərkəzi hökumətin büdcə kəsiri 2027-ci maliyyə ilində ÜDM-in 4,5%-indən 2028-ci maliyyə ilində 4,3%-ə enəcək. Bununla belə, Əməkhaqqı üzrə Səkkizinci Komissiyanın tövsiyələrinin icrası və 2027-ci ildə yeddi ştatda keçiriləcək seçkilər büdcə xərclərinə təsir göstərə bilər.

MONETAR.AZ