Ən böyük kriptovalyuta oğurluqları 

Ən böyük kriptovalyuta

2025-ci ildən bu yana kriptovalyuta platformalarına edilən kiberhücumlar nəticəsində milyardlarla dollar vəsait oğurlanıb.  “Inigo” şirkətinin hazırladığı araşdırmada son illərin ən böyük  kriptovalyuta oğurluğu sıralanıb.

Siyahıda ilk yeri 2025-ci ilin fevralında baş verən “Bybit” hücumu tutur. Hadisə nəticəsində təxminən 1,5 milyard dollar dəyərində kriptoaktiv itirilib. Bu hadisə kriptovalyuta tarixinin ən böyük kiberhücumu hesab olunur.

Araşdırmaya görə, hücum zamanı hakerlər üçüncü tərəf proqram təminatı əməkdaşının iş sisteminə daxil olaraq əməliyyat prosesinə zərərli kod yerləşdiriblər. Nəticədə, qanuni görünən köçürmələr əslində hakerlərin nəzarətində olan elektron pul kisələrinə yönləndirilib.

İkinci ən böyük hadisə 2026-cı ilin aprelində “KelpDAO” platformasında qeydə alınıb. Burada təxminən 292 milyon dollar itki yaranıb. Hakerlər blokçeyn şəbəkələri arasında əməliyyatların təsdiqi üçün istifadə olunan sistemdə boşluqdan yararlanaraq saxta təminat məlumatları təqdim ediblər.

Üçüncü yerdə isə 285 milyon dollarlıq itki ilə “Drift Trade” platforması qərarlaşıb. Məlumata əsasən, hücum edən şəxslər sosial mühəndislik üsullarından istifadə edərək sistemə xüsusi giriş əldə edib, daha sonra saxta token yaradaraq onun dəyərini manipulyasiya ediblər. Bunun əsasında böyük həcmdə real kriptoaktivlər borc kimi çıxarılıb.

Ən böyük kriptovalyuta oğurluqları sırasında “Cetus” – 223 milyon dollar, “Balancer” – 128 milyon dollar və “Bitget” – 100 milyon dollar itki ilə növbəti yerlərdə qərarlaşıb.

Araşdırmada qeyd olunur ki, son illərdə baş verən iri kiberhücumların əsas səbəblərindən biri üçüncü tərəf sistemlərində və tərəfdaş inteqrasiyalarında təhlükəsizlik zəiflikləridir. Ekspertlər real vaxt rejimində təhlükə aşkarlama sistemlərinin, avtomatlaşdırılmış təhlükəsizlik nəzarətinin və əlavə yoxlama mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

MONETAR.AZ