Yaxın Şərqdə davam edən hərbi gərginlik və Hörmüz boğazındakı blokadanın yaratdığı qlobal enerji şoku Hindistan iqtisadiyyatını və milli valyutasını ciddi sınaq qarşısında qoyub. Cümə günü Hindistan rupisi (INR) dollar qarşısında 96.305 səviyyəsinə geriləyərək tarixi minimuma düşüb, daha sonra mərkəzi bankın müdaxiləsi ilə həftəni 95.700 səviyyəsində tamamlayıb.
Buna baxmayaraq, beynəlxalq araşdırma mərkəzi Capital Economics-in ekspertləri hesab edirlər ki, Hindistan Ehtiyat Bankının (RBI) rupinin nəzarətli şəkildə ucuzlaşmasına icazə verməsi ölkə iqtisadiyyatı üçün fəlakətli nəticələr doğurmayacaq.
Bazarda bir çox analitiklər rupinin qorunması üçün ölkənin valyuta ehtiyatlarının tükənəcəyindən narahat olsalar da, Capital Economics-in inkişaf etməkdə olan bazarlar üzrə baş iqtisadçısının müavini Şilan Şah tənzimləyicinin fərqli bir strategiya izlədiyini vurğulayır. Hindistanın birbaşa valyuta ehtiyatları hələ də 700 milyard dollar kimi rekord səviyyəyə yaxın qalır və dərhal kəskin azalma nümayiş etdirmir.
RBI spot bazarda birbaşa dollar satmaq əvəzinə, törəmə maliyyə bazarına (təbəqəli və offşor forvard müqavilələrinə) üstünlük verir. Bankın forvard əməliyyat portfeli (forward book) ilin əvvəlindəki 68 milyard dollardan hazırda 100 milyard dollara yüksəlib. Bu nəhəng həcm tənzimləyiciyə rupinin eniş sürətini kəskin volatillik yaratmadan idarə etmək imkanı verir.
Şilan Şahın sözlərinə görə, zəif valyutanın makroiqtisadi fəsadları daxili bazarda qorxulduğu qədər böyük deyil. İnflyasiyanın onsuz da RBI-nin təyin etdiyi 2–6%-lik hədəf diapazonunun yuxarı sərhədini keçəcəyi gözlənilir. Əgər təzyiqlər pik həddə çatarsa, Hindistan mərkəzi bankı İndoneziya, Çili və Polşa kimi faiz artımına gedəcək.
Baş nazir Narendra Modi hökuməti ölkəni xarici şoklardan qorumaq üçün qızılın idxal rüsumunu 15%-ə qaldırıb və əhaliyə iqtisadi islahatlara dəstək məqsədilə xüsusi tövsiyələr verib:
-
Enerji qənaəti: Şəxsi avtomobillərdən istifadəni azaltmaq, ictimai nəqliyyata və karpulinqə (carpooling) üstünlük vermək.
-
İş rejimi: Şirkətlərə və işçilərə yanacaq istehlakını azaltmaq üçün imkan daxilində evdən işləmək (work from home) modelinə keçmək.
-
Maddi aktivlər: Valyuta ehtiyatlarının xaricə axmasının qarşısını almaq üçün qızıl və bəzək əşyalarının alışını müvəqqəti dayandırmaq.
Hindistanın xarici valyutada olan borcunun ümumi ÜDM-ə nisbətdə aşağı olması ölkəni korporativ defolt riskindən sığortalayır. Əksinə, rupinin ucuzlaşması ölkənin ixrac potensialını artırır. RBI-nin daxili hesablamalarına görə, rupinin hər 5% dəyər itirməsi Hindistanın ixrac rəqabətliliyini artırmaqla iqtisadi artıma (ÜDM) təxminən 0.25% müsbət töhfə verir.
MONETAR.AZ