Dünyada elektrik avtomobillərinə keçid sürətlə davam edir və bu sahədə ən yüksək göstəricilər Avropa ilə Asiya ölkələrində qeydə alınır. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına əsasən, 2025-ci ildə Norveç yeni avtomobil satışlarında elektrik və plug-in hibrid modellərin payına görə dünya lideri olub.
Məlumata görə, Norveçdə ötən il satılan yeni avtomobillərin 97 faizi elektrik və ya plug-in hibrid nəqliyyat vasitələri olub. Halbuki bu göstərici 2020-ci ildə 75 faiz təşkil edirdi.
Elektrik avtomobillərinin satış payına görə ilk səkkiz ölkənin hamısı Şimali Avropa və Şərqi, eləcə də Cənub-Şərqi Asiyada yerləşir. Siyahıda Nepal 68 faizlə ikinci, Sinqapur 63 faizlə üçüncü, İslandiya 62 faizlə dördüncü, Çin isə 53 faizlə beşinci yerdə qərarlaşıb.
Hesabatda qeyd olunur ki, Çində elektrik avtomobilləri bazarının artım tempi 2025-ci ildə müəyyən qədər zəifləsə də, son 5 ildə ölkədə ciddi yüksəliş müşahidə olunub. Belə ki, 2020-ci ildə Çində yeni avtomobil satışlarının cəmi 6 faizi elektrik nəqliyyat vasitələrinin payına düşürdüsə, 2025-ci ildə bu göstərici 53 faizə çatıb. Ötən il dünyada elektrik avtomobili satışlarında qeydə alınan artımın yarıdan çoxu məhz Çinin payına düşüb. Eyni zamanda, dünya üzrə satılan hər 10 elektrik avtomobilindən təxminən 6-sı Çində alınıb.
Çinin elektrik avtomobili istehsalındakı yüksəlişi qonşu ölkələrə də təsir göstərib. Xüsusilə Nepalda Çin istehsalı olan daha münasib qiymətli elektrik avtomobillərinin idxalı satışların artmasına təkan verib. Bu ölkədə elektrik avtomobillərinin yeni satışlardakı payı 2020-ci ildəki 10 faizdən 2025-ci ildə 68 faizə yüksəlib.
ABŞ-da isə elektrik avtomobillərinə maraq daha aşağı səviyyədə qalır. Məlumata əsasən, 2025-ci ildə ölkədə yeni avtomobil satışlarının 10 faizdən az hissəsi elektrik nəqliyyat vasitələrinin payına düşüb. Analitiklər bildirirlər ki, federal vergi güzəştlərinin mərhələli şəkildə ləğvi ilin sonuna doğru elektrik avtomobili satışlarının zəifləməsinə təsir göstərib.
MONETAR.AZ