Bakı-Tbilisi qatarının 6 il sonra yenidən fəaliyyətə başlaması müsbət hadisədir. Lakin 81 manatlıq "minimum" qiymət və yalnız premium sinif vaqonların istifadəyə verilməsi sübut edir ki, ADY ictimai nəqliyyat funksiyasından çıxaraq elit seqmentə işləməyə üstünlük verir. Sərnişinə ucuz "ekonom" (standart oturaq və ya sadə yataq) alternativləri təklif olunmadıqca, bu qatar sadə vətəndaşın deyil, yalnız AZAL-ın qiymətlərindən qaçmağa çalışan nisbətən imkanlı kəsimin alternativi olaraq qalacaq.
2020-ci ilin martından bəri Azərbaycanın quru sərhədlərinin bağlı qalması səbəbindən sərnişinlər bahalı təyyarə biletləri almalı olur. Quru sərhədlərinin qismən (yalnız qatarla) açılması cəmiyyətdə "nəhayət ucuz alternativ yarandı" ümidini formalaşdırmışdı. Lakin ADY-nin təyin etdiyi 81 manatlıq (gediş-gəliş 162 manat) "Comfort" sinfi tarifi göstərir ki, qurum bu açılışdan vətəndaşın sosial mobilliyini təmin etmək üçün deyil, məhz avtobus və fərdi avtomobillə keçidin (ucuz alternativlərin) olmamasından istifadə edərək yararlanır. Əgər 15-20 manata Tbilisiyə avtobuslar işləsəydi, ADY heç vaxt kütləvi sərnişin üçün 81 manatlıq bilet oxuya bilməzdi.
Ən böyük absurd qatarın tutumunda və konseptindədir. Rəsmi açıqlamaya görə, İsveçrənin "Stadler" şirkətinin istehsalı olan qatar 6 vaqondan ibarətdir və cəmi 118 sərnişin tutur. Qatar tamamilə "Comfort", "Comfort+" və "Luxury" (içərisində fərdi duş kabinələri, televizorlar olan) siniflərdən ibarətdir.
Bakı-Tbilisi marşrutu tarixən tələbələr, kiçik ticarətlə məşğul olanlar, müalicəyə gedənlər və sıravi ailələr üçün ən ucuz kütləvi nəqliyyat vasitəsi olub. Normal sərnişin qatarı (köhnə "platskart" və ya standart "kupe" sistemi ilə) bir reysə 400-500 nəfər daşıya bilər. ADY isə kütləvi daşınmanı ləğv edib, marşrutu "VIP turizm" səviyyəsinə qaldırıb. Vətəndaş isə dövlət şirkətindən fərdi duş kabinəsi və lüks xidmət yox, Tbilisiyə cibinə uyğun çatmaq istəyir. Cəmi 118 nəfərlik lüks qatar buraxmaqla biletin maya dəyərinin süni şəkildə şişməsi təbiidir.
Qiymətlərin baha olmasını ekspertlər və rəsmilər beynəlxalq hesablaşmaların İsveçrə frankı ilə aparılması və Gürcüstan tərəfində infrastruktur xidmətlərinin bahalığı ilə əsaslandırmağa çalışırlar. Valyuta məzənnəsi hər zaman dəyişir, lakin 81 manat region üçün qeyri-adekvat rəqəmdir. Avropada, məsələn, Mərkəzi Avropa ölkələri arasında 12-15 saatlıq qatar biletlərini (daha yüksək infrastruktur xərclərinə baxmayaraq) 20-30 avroya almaq mümkündür. Digər tərəfdən, Gürcüstan Dəmir Yollarının daxili və beynəlxalq reysləri ilə müqayisədə Azərbaycan tərəfinin tarifləri kəskin dərəcədə fərqlənir. Əgər doğrudan da maya dəyəri bu qədər yüksəkdirsə, dövlət subsidiyası hara xərclənir? ADY böyük dövlət dəstəyi alan qurumdur. Bu dəstək niyə vətəndaşın biletinin ucuzlaşmasına deyil, VIP vaqonların alınmasına yönəldilir?
Sadə bir riyazi hesablama aparaq: 4 nəfərlik standart bir ailənin Tbilisiyə gedib-qayıtması ən ucuz siniflə belə (81 manat x 4 nəfər x 2 istiqamət) 648 manata başa gəlir. Bu, nəinki aşağı gəlirli, hətta orta gəlirli ailələr üçün də ciddi büdcə yüküdür. Belə çıxır ki, dövlətin yaratdığı infrastruktur layihəsi vətəndaşların böyük bir qismini dolayısı ilə prosesdən kənarda qoyur.
MONETAR.AZ