Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) media məkanına nəzarəti gücləndirmək məqsədilə süni intellekt texnologiyaları əsasında hazırlanan Via+ monitorinq sisteminin yaradılmasını yekunlaşdırır. Yeni platforma ənənəvi media vasitələrində, rəqəmsal platformalarda və sosial şəbəkələrdə yayımlanan audio və video məzmunu fasiləsiz təhlil edərək qanunvericilik pozuntularını müəyyənləşdirəcək.
TRT Haber-in məlumatına görə, sistem gecə-gündüz rejimində işləyəcək və eyni vaxtda altı peyk vasitəsilə 800-dən çox televiziya kanalını izləmək imkanına malik olacaq. Bununla yanaşı, internet resurslarının demək olar ki, hamısının təhlili nəzərdə tutulur.
Via+ gündəlik 12 dilə tərcümə aparmaqla 19,2 min saata qədər nitqi emal edə, vizual pozuntuların müəyyənləşdirilməsi üçün isə 300 milyondan çox video kadrını skan edə biləcək.
RTÜK rəhbəri Mehmet Daniş bildirib ki, paralel olaraq qurumun rəqəmsal mühitdə səlahiyyətlərinin genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər hazırlanır. Layihə artıq Türkiyənin 2027-ci il üzrə dövlət investisiya proqramına daxil edilib.
Daniş yeni sistemin əhəmiyyətini Türkiyənin müdafiə sahəsindəki “Polad günbəz” layihəsi ilə müqayisə edib. Onun sözlərinə görə, Via+ media məkanında ölkənin “polad günbəzi” rolunu oynayacaq.
MONETAR.AZ