DÇ-2026 ərəfəsində kibertəhlükələr artır: Fırıldaqçılar azarkeşləri hədəfə alır

DÇ-2026 ərəfəsində kibertəhlükələr artır:

Futbol üzrə 2026-cı il FIFA Dünya Çempionatı ərəfəsində kibercinayətkarların fəaliyyəti xeyli aktivləşib. Kaspersky şirkəti azarkeşləri və biznes qurumlarını saxta biletlər, fişinq hücumları, saxta əməkdaşlıq təklifləri və qorunmayan Wi-Fi şəbəkələri ilə bağlı risklər barədə xəbərdar edib.

Şirkətin mütəxəssislərinin araşdırmasına görə, fırıldaqçılar Dünya Çempionatına marağın artmasından istifadə edərək müxtəlif saxta kampaniyalar həyata keçirirlər. Aşkarlanan sxemlər həm oyunları stadionlardan izləməyi planlaşdıran azarkeşləri, həm də iri tədbirdən faydalanmağa çalışan şirkətləri hədəf alır.

Kaspersky mütəxəssisləri 2026-cı ilin aprelində Meksikada məşhur taksi xidmətinin interfeysini təqlid edən fişinq saytı aşkar ediblər. İspan dilində hazırlanmış həmin platformada istifadəçilərə guya mükafat qazanmaq üçün telefon nömrəsi və hesab məlumatlarını daxil etmək təklif olunub. Əsl məqsəd isə istifadəçilərin şəxsi məlumatlarını ələ keçirmək olub.

Bundan başqa, mart ayında qaranlıq internet seqmentində Dünya Çempionatı ilə əlaqəli saxta reklamlar da müəyyən edilib. Həmin elanlarda aviabiletlər, otel rezervasiyaları və oyun biletləri rəsmi satış qiymətlərindən 20 faiz daha ucuz təklif olunub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə təkliflərə aldanan şəxslər həm pullarını itirə, həm də heç bir xidmət əldə etməyə bilərlər.

Kibercinayətkarlar biznes qurumlarını da diqqətdən kənarda qoymurlar. Onlar özlərini FIFA 2026 ilə əlaqəli aviaşirkətlərin nümayəndələri kimi təqdim edərək müxtəlif təşkilatlara əməkdaşlıq təklifləri göndərirlər. Sonrakı mərhələdə isə saxta sənədlər və müqavilələr vasitəsilə şirkətlərdən “depozit” adı altında vəsait tələb olunur.

Araşdırma zamanı Meksikanın Mexiko, Qvadalahara və Monterrey şəhərlərində 69 mindən çox ictimai Wi-Fi nöqtəsi də təhlil edilib. Məlum olub ki, şəbəkələrin 17 faizi zəif şifrələrlə qorunur və ya ümumiyyətlə şifrəsiz fəaliyyət göstərir. Bu isə istifadəçilərin şəxsi məlumatlarının və internet trafikinin üçüncü şəxslər tərəfindən ələ keçirilməsi riskini artırır.

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib ki, böyük idman tədbirləri dövründə saxta veb-saytlar və fişinq kampaniyaları daha da çoxalır:

“İstifadəçilər üçün saxta platformaları həqiqi resurslardan ayırmaq getdikcə çətinləşir. Xüsusilə şübhəli dərəcədə ucuz qiymətlər və böyük endirimlər təklif olunarkən maksimum ehtiyatlı olmaq lazımdır”.

Şirkət istifadəçilərə yalnız rəsmi satış platformalarından istifadə etməyi, şəxsi məlumatları daxil etməzdən əvvəl saytların həqiqiliyini yoxlamağı, ikimərhələli identifikasiya aktivləşdirməyi və ictimai Wi-Fi şəbəkələrində VPN xidmətlərindən istifadə etməyi tövsiyə edir.

Ekspertlər hesab edirlər ki, Dünya Çempionatına marağın artdığı dövrdə kibertəhlükəsizlik qaydalarına əməl olunması həm fərdi istifadəçilər, həm də biznes qurumları üçün xüsusilə vacibdir.