Financial Times (FT) nəşrinin insayder mənbələrə istinadən yaydığı məlumata görə, OpenAI şirkəti yaxın həftələrdə ChatGPT platformasının tarixindəki ən köklü vizual və struktur dəyişikliyini təqdim edəcək. Şirkət rəhbərliyi, xüsusilə bu il planlaşdırılan rəsmi birja çıxışı (IPO) ərəfəsində gəlirliliyi artırmaq üçün ənənəvi "sual-cavab çat-botu" modelindən tamamilə imtina edir.
Məqsəd — istifadəçinin adından müstəqli tapşırıqları icra edən Süni İntellekt Agentləri (AI Agents) və proqramlaşdırma alətlərini vahid ekosistemdə birləşdirən "Super-Tətbiq" (Super-App) yaratmaqdır. OpenAI daxilində çalışan yüksək vəzifəli rəsmilərdən birinin dediyi kimi: "Çat dövrü artıq geridə qalıb".
Platformanın veb və mobil tətbiq versiyalarında istifadəçiləri fərqli interfeys qarşılayacaq. İlkin mərhələdə istifadəçilər birbaşa kod yazmaq, təsvir yaratmaq və tərəfdaş şirkətlərin (məsələn, Canva, Booking.com) daxili xidmətlərinə yönləndiriləcək.
Uzunmüddətli hədəf odur ki, süni intellekt hər hansı bir əmr (prompt) yazılmasını gözləmədən istifadəçinin tətbiqdəki hərəkətindən onun niyyətini avtomatik anlayıb icra edəcək. Şirkətin korporativ məhsullar üzrə rəhbəri Alex Embiricos qeyd edir ki, gələcəkdə onlarla fərqli proqram və brend olmayacaq, sadəcə hər şeyi edə bilən yeganə bir rəqəmsal varlıq (Entity) mövcud olacaq.
OpenAI gəlirlərinin böyük hissəsini adi istifadəçilərdən deyil, korporativ müştərilərdən qazanmağa fokuslanıb. Bu sahədə əsas rolu proqram təminatı yazan Codex agenti oynayır:
-
Fevral ayında masaüstü (desktop) tətbiqinin çıxmasından sonra Codex-in həftəlik aktiv istifadəçi sayı 6 dəfə artaraq 5 milyon nəfəri keçib.
-
Hazırda OpenAI xidmətlərindən istifadə edən 2 milyondan çox şirkət ümumi gəlirlərin 40%-ni formalaşdırır. Şirkət ilin sonuna kimi bu payı 50%-ə çatdırmağı planlaşdırır.
-
Bu aqressiv kommersiya strategiyası OpenAI-ı əsas rəqibi olan və biznes alətlərinə (Claude Code) fokuslanan Anthropic şirkəti ilə birbaşa qarşı-qarşıya gətirir.
Yeni agent strategiyasına tam keçid üçün ChatGPT və Codex komandaları birləşdirilib və rəhbərlik birbaşa əsas məhsullar üzrə baş direktor Thibault Sottiaux-ya həvalə edilib.
Maliyyə intizamını qorumaq və əsas diqqəti biznes agentlərinə yönəltmək üçün OpenAI bəzi eksperimental layihələrini dayandırıb. Məsələn, ChatGPT daxilində alış-veriş etməyə imkan verən daxili çek-aut (checkout) sistemi ləğv edilib. Ən diqqətçəkən addım isə təqdimatından cəmi bir neçə ay keçməsinə baxmayaraq, böyük rezonans doğuran video-generasiya modeli Sora-nın inkişafının tamamilə dayandırılması olub. Şirkət resursları boş yerə xərcləməmək üçün yalnız real gəlir gətirən layihələri saxlayır.
MONETAR.AZ