Gələcək iPhone 18 Pro Max modelinin mövcud nəsillə müqayisədə bir qədər daha qalın olacağı gözlənilir. Bu barədə MacRumors nüfuzlu insayder Ice Universe-ə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, iPhone 18 Pro Max-in qalınlığı təxminən 8,8 mm olacaq. Müqayisə üçün qeyd olunur ki, 2025-ci ildə təqdim edilən iPhone 17 Pro Max modelinin korpus qalınlığı 8,75 mm idi. Bu fərqin smartfonun aparat hissəsində edilən dəyişikliklərlə bağlı olduğu bildirilir.
Daha əvvəl digər insayder Instant Digital də konstruksiya dəyişikliklərinin cihazın çəkisinin artmasına səbəb ola biləcəyini qeyd etmişdi. Onun qiymətləndirməsinə görə, iPhone 18 Pro Max-in çəkisi 240 qramdan çox ola bilər. Bu isə onu Apple şirkətinin iPhone 14 Pro Max modelindən sonra ən ağır smartfonlarından birinə çevirə bilər.
Ölçülərin böyüməsinin əsas səbəblərindən biri daha tutumlu batareyanın quraşdırılması ola bilər. Şayiələrə görə, yeni model 5100–5200 mAh tutumlu batareya ilə təchiz ediləcək. Müqayisə üçün qeyd edilir ki, eSIM istifadə edən iPhone 17 Pro Max versiyasında 5088 mAh batareya var.
Bununla belə, Apple cihazın ekran ölçüsünü dəyişməyi planlaşdırmır. Smartfon 6,9 düymlük ekran ölçüsünü qoruyub saxlayacaq.
MONETAR.AZ