Bu gün lisey və gimnaziyaların 7-ci sinfinə qəbul başlayır

Bu gün lisey və gimnaziyaların

2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır.

Təhsil İnstitutundan verilən məlumata görə, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Qəbul prosesinə qeydiyyat iyunun 9-dan başlayacaq və iyunun 19-dək davam edəcək.

Valideynlər və ya qanuni nümayəndələr qeydiyyatdan keçmək üçün şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq əvvəlcə “Mərkəzi imtahanla qəbul” düyməsini seçməli, daha sonra imtahan mərkəzi və tələb olunan məlumatları qeyd etməlidirlər.

Bildirilib ki, lisey və gimnaziyalara qəbul ildə bir dəfə – yeni tədris ili başlamazdan əvvəl “Şagirdlərin elektron yerdəyişməsi” sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahanda iştirak hüququ qazanmış şagirdlər üçün təşkil olunur.

İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü qiymətləndirən müxtəlif tipli suallar təqdim ediləcək. Müəyyən edilmiş keçid balını toplayan namizədlər növbəti seçim mərhələsinə buraxılacaqlar.

Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılacaq və sənəd qəbulu prosesi həyata keçiriləcək. Lisey seçimi iki mərhələdə, zərurət yarandığı halda isə üç mərhələdə aparılacaq.

MONETAR.AZ