Azərbaycanda 2021-2025-ci illər ərzində tibbi xidmətlərin orta qiymətlərində artım müşahidə olunub. Rəsmi məlumatların müqayisəsi göstərir ki, son 5 ildə demək olar ki, bütün tibbi xidmət növləri üzrə qiymətlər yüksəlib.
Ən böyük nisbi bahalaşma tibbi müayinə – ultrasəs müayinəsi (USM) xidmətlərində qeydə alınıb. Belə ki, 2021-ci ildə bir USM xidmətinin orta qiyməti 17,41 manat olduğu halda, 2025-ci ildə 25,21 manata çatıb. Bu isə 44,8 faiz artım deməkdir.
Flüoroqrafiya xidmətlərinin orta qiyməti də nəzərəçarpacaq dərəcədə yüksəlib. 2021-ci ildə 12,90 manat olan xidmət haqqı 2025-ci ildə 20,02 manata yüksələrək 55,2 faiz artıb.
Kompüter tomoqrafiyası xidmətlərinin qiyməti son beş ildə 55,15 manatdan 81,28 manata çatıb. Beləliklə, bu xidmət üzrə artım 26,13 manat və ya 47,4 faiz təşkil edib.
Stasionar müalicə ilə bağlı xəstəxana xidmətlərinin orta qiyməti 35,83 manatdan 48,63 manata yüksələrək 35,7 faiz bahalaşıb.
Həkim qəbulları üzrə də artım müşahidə olunub. Terapevt xidmətlərinin orta qiyməti 13,41 manatdan 17,35 manata, oftalmoloq xidmətləri 15,18 manatdan 22,65 manata, kardioloq xidmətləri isə 16,39 manatdan 19,79 manata yüksəlib.
Stomatoloji xidmətlər də bahalaşıb. Diş çəkilməsi xidmətinin orta qiyməti 8,94 manatdan 13,82 manata yüksələrək 54,6 faiz, diş müalicəsi xidmətinin qiyməti isə 25,19 manatdan 36,92 manata çataraq 46,6 faiz artıb. Diş protezi xidmətləri üzrə orta qiymət 181,80 manatdan 263,31 manata yüksəlib ki, bu da 44,8 faiz artım deməkdir.
Fizioterapiya və masaj xidmətlərində də qiymət artımı qeydə alınıb. Fizioterapiya xidmətləri son 5 ildə 33,2 faiz, masaj xidmətləri isə 37,3 faiz bahalaşıb.
MONETAR.AZ