Milli Məclis “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” sazişin təsdiq edilməsinə dair qanun layihəsini qəbul edib.
Məsələ noyabrın 27-də parlamentin plenar iclasında müzakirəyə çıxarılıb.
Saziş Azərbaycanı təmsil edən SOCAR, “Exxon Mobil Exploration & Production Azerbaijan Limited” və “Middle Kura” MMC arasında imzalanıb. Sənəd Orta Kür kontrakt sahəsində qeyri-ənənəvi ehtiyatların kəşfiyyatı və işlənməsinin hüquqi və kommersiya şərtlərini müəyyən edir.
Kontrakt sahəsi Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Gəncə-Daşkəsən iqtisadi rayonlarının müəyyən hissələrini əhatə edən quru ərazidə yerləşir.
Sazişə əsasən, ətraf mühitin mühafizəsi milli qanunvericiliyə, beynəlxalq neft-qaz sənayesinin qabaqcıl təcrübəsinə və müəyyən edilmiş ekoloji standartlara uyğun təmin ediləcək. Layihənin idarə olunması üçün podratçı tərəflərin nümayəndələrindən ibarət İdarəetmə Komitəsi yaradılacaq.
Bundan başqa, podratçı və operator əməliyyat tələbləri və peşə uyğunluğu nəzərə alınmaqla Azərbaycan vətəndaşlarının işə götürülməsinə, eləcə də yerli şirkətlərə üstünlük verəcəklər.